Bu gün Bakıda Azərbaycan - Avropa ittifaqı biznes forumu öz işinə başlayıb.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. "Ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarət dövriyyəsində payı 35% təşkil edib. 2017-ci ilin yanvar-aprel ayları ərzində isə bu göstərici 38%-ə yüksəlib", - deyə nazir qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, son 10 ildə Azərbaycanda əsas kapitala yatırılan vəsaitin 46%-i və ya 20 mlrd. dolları Avropa İttifaqının payına düşür: "Avropa İttifaqı Azərbaycanda qeyri-neft sektoruna 3 mlrd. dollar vəsait yönəldib. Başqa sözlə, Aİ tərəfindən qeyri-neft sektoruna yönəldilən vəsaitlərin xüsusi çəkisi 35% təşkil edib. Bundan başqa, Aİ Azərbaycan 582 milyon avro məbləğində yardım göstərib".
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard isə bildirib ki, Aİ ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Qeyd edək ki, forum çərçivəsində Azərbaycandakı ən son iqtisadi inkişaf və islahatların təqdimatı və bu mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulub. Bununla yanaşı, tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Forumun qonaq spikerlər və iştirakçıları arasında yüksək vəzifəli Azərbaycanın hökumət rəsmiləri və Aİ nümayəndələri, Azərbaycan və Aİ şirkətləri iştirak edirlər. Biznes forumda iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və logistika, İKT və elektron ticarətlə bağlı əsas mövzular müzakirə olunacaq.