“SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nahid Zeynalov seçilib.
FED.az xəbər verir ki, bu gün Azərbaycan Banklar Assosiasiyasında (ABA) “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilib. Bank nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ABA-nın nümayəndəsi gündəlikdə duran məsələ ilə bağlı çıxış edərək “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifələri üçün namizədləri təqdim edib.
Təkliflər geniş şəkildə müzakirə edilmiş və açıq səsvermə keçirilib.
Son nəticə olaraq “SWIFT” cəmiyyətinin ölkədə fəaliyyət göstərən banklarla əməkdaşlıq münasibətlərinin effektivliyinin artırılması məqsədilə Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini - Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifəsinə isə “Kapital Bank” ASC-nin Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədova təyin olunub.
Sonda iştirakçılar tərəfindən protokol imzalanaraq səsvermə rəsmiləşdirilib.