Azərbaycan hökuməti 2018-ci ildə “Avtomobil yolları”Məqsədli Büdcə Fonduna daxilolmaları 333 mln. manat səviyyəsində proqnozlaşdırır ki, bu da 2017-ci illə müqayisədə 12% çoxdur. Bu barədə dərc edilmiş büdcə materiallarında deyilir.
Gələn il “Avtomobil yolları”Məqsədli Büdcə Fondunun vəsaitləri 7 mənbə (2017-ci ildə 8 mənbə) hesabına formalaşacaq.
Fondun vəsaitlərinin bir hissəsi avtomobillərin idxalına görə alınan gömrük rüsumlarının hesabına formalaşacaq. Gələn il bu vəsaitlərin həcmi 41 mln. manat (2017-ci ilə olan proqnozla müqayisədə artım 0,7% – İF-Az) səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, respublikaya gətirilən avtomobillərə görə ödənilən aksiz vergisindən daxilolmalar 30 mln. manat (artım 7,1%), bütün nəqliyyat vasitələri növlərinə illik texniki baxışın keçirilməsinə görə alınan gömrük rüsumlarından daxilolmalar 16 mln. manat (artım 3,2%) məbləğində nəzərdə tutulub.
Yol vergisi üzrə daxilolmalar 91 mln. manat (artım 2,2%), sərnişin və yük daşımaları ilə məşğul olan şəxslərdən tutulan sadələşdirilmiş vergi üzrə daxilolmalar 7 mln. manat (dəyişməyib), Azərbaycan ərazisi ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşımalarına icazələrin verilməsinə görə dövlət rüsumlarından daxilolmalar 15 mln. manat (artım 20%) təşkil edəcək.
Bundan başqa, 2018-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsaitlərdən fonda daxilolmalar 133 mln. manat (artım 28,7%) məbləğində nəzərdə tutulub.