Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul tarixində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.
Komitədən verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 122 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 mln. 391 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun” ASC-dir. Adıçəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Mingəçevir Qum Çınqıl” ASC-dir. Həmin əmlakın səhmi isə 156 min manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kvadratmetr ilə 147 min kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Zaqatala Barama Toxumu Zavodudur. Adıçəkilən əmlak 283 min 750 manata təklif edilir. Torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min 881 kvadratmetr təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Sumqayıt şəhərində yerləşən 22 saylı mağaza 218 min manata yaxın, Şirvanda yerləşən Yardımçı Təsərrüfat 157 min 500 manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermələri və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.