Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi məqsədilə risklər əsasında sığorta haqqlarının hesablanması üçün CAMELS sisteminin tətbiqi planlaşdırılır. FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Risklər əsasında sığorta haqqlarının hesablanması üçün CAMELS sisteminin ilkin modeli hazırlanıb. Bu, əmanətlərin sığortalanması mexanizmini təkmilləşdirməyə imkan yaradacaq. Hazırlanan model Dünya Bankı tərəfindən maliyyələşdirilən “Maliyyə sektorunun modernləşdirilməsi” layihəsinin ikinci mərhələsi çərçivəsində ekspertlərin təhlilinə təqdim olunub”, - hökumətdən qeyd edilib.
Ümumilikdə, xarici ekspertlər hazırlanan modeli müsbət qiymətləndirərək onun yaxşılaşdırılması üçün öz tövsiyyələrini veriblər. “Hazırda verilən tövsiyyələr əsasında həmin modelin təkmilləşdirilməsi işləri həyata keçirilir”, - hökumətdən vurğulayıblar.
Bununla bərabər, “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər və əlavələrin daxil edilməsi istiqamətində işlər aparılır. Düzəlişləri parlamentin payız sessiyasında müzakirəsinə təqdim etmək planlaşdırılır.