Dollar ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq statistikasının (non farm payroll`s) dərc olunması ərəfəsində bütün başlıca valyutalara qarşı bahalaşır. Səhər saatlarında avro dollara qarşı 7 həftəlik minimuma - 1.1686 səviyyəsinə enib. Bu qiymət sonuncu dəfə avqustun 17-də qeydə alınıb.
FED.az xəbər verir ki, əksər bazar iştirakçılarının səbirsizliklə gözlədikləri məlumatlar bugün Bakı vaxtilə saat 16:30-da elan ediləcək.
Dolların bahalaşması son günlərdə dərc edilən ABŞ iqtisadi göstəricilərinin müsbət olması və bu şəraitdə ilin sonunadək faiz dərəcələrinin artmasına olan inamın möhkəmlənməsilə bağlıdır. Çərşənbə günü elan edilən ISM indekslərinin (qeyri-istehsal sahəsində işgüzar fəallıq, istehsal və qeyri-istehsal sahələrində məşğulluq) gözləntilərdən yüksək olması ABŞ-da xidmət sahəsi və əmək bazarının təbii fəlakətlər nəticəsində ciddi zərər görmədiyini təsdiq etdi. Dünən isə işsizliyə görə müavinət alanların və onu almaq üçün müraciət edənlərin sayının azalması, ticarət balansındakı kəsirin azalması, sənaye sifarişlərinin artması barədə elan olunan statistik məlumatlar, eləcə də Filadelfiya və San-Fransisko federal ehtiyat banklarının sədrləri Patrik Harker və Con Uilyamsın faizlərin artırılmasının vacibliyi yönündə verdikləri bəyanatlar dolları daha da gücləndirdi.
Avroya gəlincə, ümumavropa valyutası dünən Avropa Mərkəzi Bankının (AMB) son iclasının protokolları dərc olunduqdan sonra ucuzlaşır. Sənədlər gözləntilərlə müqayisədə AMB-nin daha yumşaq maliyyə siyasətinin tərəfdarı olduğunu əks etdirib. İclas iştirakçıları aktivlərin alınması proqramının azaldılması məsələsini müzakirə etsələr də, bu işdə tələsməmək qərarına gəliblər. Kataloniya ətrafında baş verən hadisələr və nəticədə yaranan siyasi qeyri-müəyyənlik amili də avroya təzyiq göstərir, onun da da ucuzlaşmasına səbəb olur. Lakin buna baxmayaraq, əgər ABŞ-ın əmək bazarındakı vəziyyətlə bağlı bugünkü məlumatlar gözləntiləri doğrultmazsa, avronun dollar qarşısında bahalaşacağı şübhəsizdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dollar bahalaşdı, avro 7 həftəlik minimuma düşdü
09:44
6 Okt 2017