ABŞ-ın nüfuzlu "Citibank"ı operativ şəkildə Rusiya bazarını tərk edə bilər. "Kommersant" qəzetinin yazdığına görə, buna səbəb yeni sanksiyalar ola bilər.
Qəzetin məlumatına görə, "Citibank" son 2 ildə Rusiya bazarında pərakəndə müştərilərinin 40%-ni itirib, şöbələrinin sayı 2 dəfə azalıb. Bankın pərakəndə müştərilərinə xidmət göstərməyi ləğv edərək, orta sinifdən yuxarı və premium müştərilərə xidmət etməyi planlaşdırdığı bildirilir.
Müştərilərlə iş Departamentinin rəhbəri Mixail Bernerə görə, Bankın kredit portfeli 2016-cı ilin əvvəlindən 8% artaraq 50,3 mlrd. rubla yüksəlib. Lakin bank analitikləri bildirirlər ki, bu, mövcud müştərilərin kredit limitlərinin artırılması nəticəsində baş verib. Bank çox az sayda yeni kredit verir və biznesini tədricən azaldır.
Yeni kreditlərin verilməməsi durumunda Bankın kredit portfeli yaxın 1,5 il ərzində 33% azalacaq. Bunu "Kommersant"a açıqlamasında "Bain & Company" konsaltinq şirkətindən Yeqor Qriqorenko bildirib. Onun fikrincə, bu durum "Citibank"ın yeni sanksiyalar və ya siyasi gərginlik durumunda Rusiyadan getməsini asanlaşdıracaq.