Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.
Komitədən FED.az-a verilən məlumata görə, bu dəfəki hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir.
Regionlarda keçirilən hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub. Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır. Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Belə ki, həmin əmlak 1275 manata sahibini tapıb.
Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsindən 1-i Sumqayıtda, 1-i isə Ağdaşda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi isə 16,6 kv.m ilə 67,1 kv.m arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən, sahəsi 16,6 kv.m olan qeyri yaşayış sahəsidir. Həmin əmlak 3 min 500 manata özəlləşdirilib. Həmçinin Ağdaş rayonunda yerləşən, sahəsi 28,2 kv.m olan qeyri yaşayış sahəsi də 6 min manata sahibini tapıb.