Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” MMC olub. Belə ki, adıçəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Həmin MMC-nin torpaq sahəsi 93 min 604 kvadratmetr, ümumi faydalı sahəsi isə 4 min 258 kvadratmetr təşkil edir. Bundan başqa paytaxtın Göyçay rayonunda yerləşən Qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Belə ki, həmin əmlakın qiyməti 52 min 500 manatdır. Ümumi faydalı sahəsi 28,6 kvadratmetr, torpaq sahəsi isə 9 min 801 kvadratmetr təşkil edir.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 2-si paytaxtın Suraxanı, Yasamal rayonlarında, digərləri isə Abşeron və Yevlaxda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 50 min manat olub. Ümumi faydalı sahəsi isə 60 kvadratmetrə yaxındır. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 3 500 manat olub. Ümumi faydalı sahəsi isə 17,7 kvadratmetr təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 16,7 kvadratmetr ilə 131,2 kvadratmetr, qiymətləri isə 3 500 manatla 50 min manat arasında dəyişib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.
Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, özəlləşdirmə portalı, eləcə də “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərrac 6 iyun tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.