Oktyabrın 20-də "LedGerX" klirinq evi "CoinDesk" və bəzi media qurumlarına öz ticarət platformasında bitkoinlə törəmə maliyyə aləti əməliyyatı keçirdiyinə dair məlumat verib.
"Report" "CoinDesk.com" saytına istinadən xəbər verir ki, bu qərar kriptovalyuta bazarına institusional investorların cəlb edilməsinə və hətta ilk "bitcoin-ETF"-ni, yəni bitkoin ekvivalentində birja investisiya fondunun səhmlərini buraxmağa səbəb olacaq.
"LedGerX"a görə, onun platformasında artıq 1 mln. dollar həcmində 176 bitkoin svop və opsiya əməliyyatı keçirilib. "LedGerX"ın rəhbəri Pol Çu bildirib ki, "bu həftə yeni şəffaflıq, nəzarət və inam standartı yaranıb. Artıq institusional investorlar və sadə treyderlər bitkoinlə zəmanət verilmiş klirinq və hesablaşma əməliyyatlarına güvənə bilərlər".