2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın fiziki və hüquqi şəxslərinin xaricə ixrac etdiyi qeyri-neft məhsulları ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - “İxrac icmalı”nın dekabr sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, ən çox ixrac edən şirkət və şəxslərin ilk 10-luğunda 8 şirkət və 2 fiziki şəxs yer alıb.
Siyahıda ilk yeri Şirinov Emin Valeh oğlu tutur – bu şəxs yanvar-noyabr aylarında xaricə 117,8 milyon dollarlıq məhsul ixrac edib. Ötən illə müqayisədə ixracının məbləği 3 dəfə artıb.
Siyahıda 2-ci yeri «MKT İstehsalat kommersiya» şirkəti tutur – pambıq ixracı ilə məşğul olan şirkət 11 ayda xaricə 81 milyon dollarlıq məhsul satıb – amma ötən illə müqayisədə ixracın həcmində 24 milyon dollarlıq azalma var.
3-cü yeri «Baku Steel Company» tutur – polad məmulatlar istehsalçısı hesabat dövründə xaricə ixracını ötən illə müqayisədə 20 milyon dollar və ya 50% artıraraq 50 milyon dollara çatdırıb.
Siyahıda 4-cü yeri «Azərbayxan İnterneyşnl Mayninq Kompani» şirkəti tutur – 53,4 milyon dollarlıq ixracı var. Amma əvvəlki illə müqayisədə 40 milyon dollara yaxın azdır – 2022-nin eyni dövründə şirkətin icxracı 92 milyon dollara yaxın olmuşdu.
«Best Logistik» MMC və «My Fruit» MMC şirkətləri xaricə müvafiq olaraq 41 milyon və 35 milyon dollarlıq məhsul ixrac ediblər. Ötən illə müqayisədə «Best Logistik»in ixracı 2,5 dəfə, «My Fruit»in ixracı isə 5 dəfə artıb.
«STP Global Cable» MMC kabel icxracını ötən illə müqayisədə 4 dəfə artıraraq 33 milyon dollara çatdırıb.
Bu il ilk dəfə olaraq siyahıya yeni fiziki şəxs daxil olub – Muradova Sahibə Səlimət qızı xaricə 26 milyon dollarlıq məhsul ixrac etməklə ixracçıların ilk 10-luğuna düşüb.
Siyahıda 10-cu yeri tutan «Mars Trading» MMC-nin ixracı isə ötən illə müqayisədə 10 milyon dollar azalaraq 25 milyon dollara enib.