İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. Eyni dövr ərzində yeyinti məhsulları üzrə ixrac isə 821,7 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1%, qara metal məmulatlarının ixracı 16,4%, meyvə-tərəvəz ixracı isə 8,1% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.
Cari ilin ilk 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (379,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (143,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 1 milyard ABŞ dolları, Türkiyəyə 728,8 milyon ABŞ dolları, Gürcüstana 299,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 154,6 milyon ABŞ dolları, Qazaxıstana isə 89,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207,05 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (122,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (52,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,5 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45,3 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (31,2 milyon ABŞ dolları) ikinci və qızıl (25 milyon ABŞ dolları) üçüncü olub.