Azərbaycanda enerji daşıyıcılarının satışından əldə olunan xalis ixrac gəlirləri dünya xammal bazarlarında qiymətlərin artması fonunda ÜDM-in 3,9 %-i qədər artıb.
FED.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Regional iqtisadi perspektivlər" hesabatının sentyabr buraxılışında bildirilib.
Hesabata əsasən, EBRD-in fəaliyyət göstərdiyi regionlarda neft məhsullarının qiymətləri ümumilikdə inkişaf etməkdə olan digər ölkələrlə müqayisədə daha az artıb. Bununla yanaşı, Azərbaycan daxil olmaqla, karbohidrogen xammalı ixrac edən ölkələr ixrac bazarlarında mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə biliblər.
"Xalis idxal xərclərində ən böyük artım Bosniya və Herseqovinada və Şimali Makedoniyada qeydə alınıb - müvafiq olaraq ÜDM-in 3 % və 2,3 %-i qədər (illik hesablama ilə aprel-may aylarının qiymət məlumatlarına əsasən). Bununla belə, Litva və Macarıstan kimi inkişaf etmiş neft emalı infrastrukturuna malik dövlətlər ixrac daxilolmalarının artması sayəsində enerji resurslarının idxalı üzrə artan xərcləri neytrallaşdıra biliblər. Azərbaycan kimi xalis ixracatçılar üçün hesablanmış təsir ixrac gəlirlərinin ÜDM-in 3,9 %-i səviyyəsində artmasında özünü göstərib.
Regionun bir sıra digər ölkələri üçün idxal xərclərinin artmasının əsas amili dizel yanacağı və aviasiya kerosini olub", - hesabatda qeyd edilib.
Niderlandın ən böyük bank qrupu olan "ING Group"un "Report"a bildirdiyi kimi, neft kotirovkalarının bir barelinin hər 10 ABŞ dolları məbləğində davamlı artımı Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard ABŞ dolları, enerji sektorundan büdcə gəlirlərini isə təxminən 1,5 milyard ABŞ dolları artırır. Bu göstəricilər ölkə ÜDM-nin müvafiq olaraq 4 %-nə və 2 %-nə bərabərdir. (report)













