İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax, Tomas Balko və Sara Şirmur ilə görüşüb.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər - QƏBUL EDİLİB
FED.az xəbər verir ki, görüşdə İƏİT ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq qeyd olunub, Azərbaycanın İƏİT çərçivəsində bügunədək qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi səviyyəsinin yüksək qiymətləndirildiyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinin İnklüziv Çərçivəsinə üzv qismində qoşulmasının önəmi və bu platformada əldə edəcəyi faydalar və perspektiv fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Azərbaycan Respublikasının vergi qanunvericiliyinin və inzibatçılığının BEPS-in 15 fəaliyyətlərdən və həmçinin Pillar 1 və Pillar 2 (GloBE rules) layihələrdən irəli gələn beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək, iqtisadiyyatın rəqəmsallaşmasından irəli gələn vergi məsələlərini həll etmək üçün İƏİT tərəfindən mümkün texniki yardımlar barədə dəyərləndirmələr aparılıb.
Görüşün nəticəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzalanıb. Bununla da, Azərbaycan 100-dən çox ölkənin qoşulduğu Konvensiyaya tərəfdar çıxmaqla, qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə töhfə vermək niyyətini nümayiş etdirib.