Bu gün, sentyabrın 25-də Bakıda işinə başlayan Beeynəlxalq İnvestisiya Forumunda bir neçə sənədin imzalanması nəzərdə tutulur.
FED.az xəbər verir ki, onlardan biri Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “AzərTürk Bank” ASC-də nəzarət hüququ verməyən payın alınmasına aid olacaq.
Bununla bağlı sənədləri Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun səlahiyyətlərini icra edən Dəyanət Sadullayev və Oman İnvestisiya Qurumunun G2G Funds strukturunun baş meneceri Saif Almahrouqi imzalayacaq.
Xatırladaq ki, Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondu 8 oktyabr 2025-ci ildə yaradılıb.
Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana işgüzar səfəri çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Oman Investment Authority (OIA) arasında fondun yaradılmasına dair Səhmdarlar Müqaviləsi imzalanıb.
Fondun ilkin kapitalı 200 milyon ABŞ dollarıdır. Kapital tərəflər arasında bərabər bölünüb: 100 milyon dollar – AİH, 100 milyon dollar - OIA.
“Azər-Türk Bank”da isə səhmlərin ümumilikdə 75%-i dövlətə məxsusdur.
Belə ki, Bankın səhmlərinin 51%-i Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR-a, 24%-i Azərbaycan Respublikasına, 12,37%-i Türkiyənin Ziraat Bankası A.Ş-ə 6,55%-i «AzRe Təkrarsığorta» ASC-ə, 5%-i «Qala Həyat Sığorta Şirkəti» ASC-ə, 1,08%-i isə «Ziraat Bank International AG»ə məxsusdur.













