Bakıda ənənəvi olaraq hər il keçirilən «Formula-1» yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır.
"Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırdı - VİDEO
FED.az xəbər verir ki, yarış dövründə ölkəyə çoxsaylı xarici qonaqların, xüsusilə də imkanlı və pul xərcləməyə hazır turistlərin gəlməsi Bakı restoranlarında müştəri sayının və xərclənən vəsaitlərin kəskin artmasına səbəb olur.
Bununla bağlı aparılan yeni araşdırma xarici turistlərin yarış ərəfəsində və həftəsonu Bakıda pulu nəyə və nə qədər xərclədiyini göstərir. Araşdırmadan aydın olur ki, belə yarışlar Bakı iqtisadiyyatına böyük təsir göstərir.
Araşdırmada bildirilir ki, «Formula-1» yarışları hər il Bakıda keçirilsə də, onun iqtisadi təsirləri yarış trekindən kənarda da hiss olunur. Araşdırmaya görə, yarış ərəfəsində və yarışdan sonra xarici turistlərin Bakıda xərclədiyi məbləğlər kəskin artır. Bu artım təkcə restoranlarda deyil, mağaza və otellərdə də müşahidə edilir.
Araşdırma göstərir ki, turistlərin aktivliyi və xərclərindəki artım yarışdan bir neçə gün əvvəl başlayır.
Məsələn, yarışa hələ 3 gün qalmış xaricilərin restoranlarda yeməyə sərf etdiyi vəsait adi günlərlə müqayisədə 65% daha çox olub. Alış-veriş xərclərində isə artım 30%-ə çatıb.
Sonrakı 5 gündə – yarışların başladığı və başa çatdığı dövrdə restoranlarda yeməyə sərf edilən vəsait 170% artıb. Mağazalarda isə 94% və ya təxminən 2 dəfə artıq vəsait xərclənib.
Araşdırma göstərir ki, restoranlarda ən böyük gəlir artımı yarış günü qeydə alınıb. Həmin gün gəlirlər adi günlərlə müqayisədə 231% çox olub, yəni 3 dəfədən çox artıb.
Mağazalarda isə ən güclü artım yarışdan bir gün əvvəl qeydə alınıb. Həmin gün mağazaların gəlirləri adi günlərlə müqayisədə 154% çox olub, yəni 2,5 dəfədən artıq səviyyəyə yüksəlib.
Turistlərin yüksək xərcləri yarışlardan sonra da davam edib. Belə ki, ilkin yarışlardan sonra restoranların gəlirləri adi günlərlə müqayisədə 147% və ya təxminən 2,5 dəfə çox olub. Mağazalarda isə dövriyyə adi günlərin göstəricisini 83% üstələyib.
Ən çox pul xərcləyən türklər olub
Araşdırma göstərib ki, «Formula-1» yarışları ərəfəsində və yarış dövründə ən çox pul xərcləyənlər Türkiyə vətəndaşları olub. Bütün xərclərin dörddə biri – 25%-i türkiyəli turistlərin payına düşüb.
İkinci yeri britaniyalılar – 14%, sonrakı yerləri isə Qazaxıstandan olan turistlər – 11% və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər – 6% tutub.
Turistlərin pullarını hansı istiqamətlərə xərcləməsi də ölkələrdən asılı olaraq fərqlənib.
Britaniya, BƏƏ və Almaniyadan gələn turistlər pullarını daha çox restoranlarda xərcləyiblər. Səudiyyə Ərəbistanından gələn turistlərin xərclərində otellər daha böyük paya malik olub. Belarus, Qazaxıstan və Gürcüstandan gələn turistlər isə daha çox mağazalarda, xüsusilə geyim alışına pul xərcləyiblər.













