Azərbaycanda son 4 ildə ilk dəfə olaraq tikniti materiallarının istehsalında azalma baş verib.
FED.az biznes və iqtisadiyyat xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədə 782,9 milyon manatlıq tikinti materialları istehsal edilib. Bu 2024-cü ilin eyni dövrünə nisbətən 5,8% və ya təqribən 48 milyon manat azdır.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalının azalması son 4 ildə ilk dəfədir. Sonuncu dəfə yalnız məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə tikinti sektorunda 0,1% azalma baş vermişdi. Ondan sonra isə bu sahədə artım bərpa edilib.
Qarabağda başlayan tikinti bumu fonunda 2021-2022-2023-2024-cü illərdə tikinti materiallarının istehsalı davamlı olaraq artmışdı.
Belə ki, 2021-ci ildə, Qarabağda tikinti işlərinin başlanması zamanı Azərbaycanda tikinti materiallarının istehsalı 80,6 faiz artmışdı. 2022-ci ildə tikniti materialı istehsalı 12,6%, 2023-cü ildə 31,8% artmışdı. 2024-cü ildə isə tikinti mateniallarının artımında təqribən 17% artım olub ki, bu da tikinti sektorunun inkişafı dinamikasına uyğundur.
2025-ci ildə isə tikinti materiallarının istehsalı hələ ilin əvvəlindən azalmağa başlayıb. 7 ayın nəticələrinə görə, ən çox azalma əhəng (32,4 faiz azalma) və asfalt istehsalında (29,0 faiz) baş verib. Məbləğ və miqyas baxımından isə əsas azalma göstəricisi sement klinkerləri, sement və beton istehsalında baş verib.
İlk 7 ayda ölkədə 2 milyon 565 min ton beton istehsal edilib ki, bu da ötən illə müqayisədə 6,3% azdır. Sement istehsalı isə 2 milyon 280 min ton olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 75 min ton və ya 3,2% azdır. Hesabat dövründə 2,1 milyon ton sement klinkerləri də istehsal edilib ki, bu da təqribən 10% azalmadır.
Başqa bir problem ondadır ki, hətta istehsalın azalması fonunda bütün istehsal olunan sementi satmaq mümkün olmayıb və bu dövrdə anbarlarda satılmayan sementin həcmi sürətlə artmağa başlayıb. Belə ki, bu ilin əvvəlində anbarlarda 105 min ton sement ehtiyatı vardısa, indi bu rəqəm 162 min tona çatıb. Başqa sözlə, ilin əvvəlindən bəri ölkənin tikinti sektorunun sementə ehtiyacı 130 min tona yaxın azalıb.
Doğrudur, bəzi tikinti materiallarının istehsalında artım baş verib. Belə ki, bu dövrdə 6 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib – 2,4% artım. Tikinti kərpicinin istehsalı isə 8,3% artaraq 383,4 min kubmetr olub. Gips məmulatları, o cümlədən tikinti gipsinin istehsalında da ciddi artım olub. Belə ki, gips məmulatlarının istehsalı 25% artaraq 83,5 min tona yüksəlib, ondan 81 min tonu tikinti gipsidir – 61% artım.
Yeri gəlmişkən, şüşə istehsalı artsa da, istehsalın bir hissəsi anbara gedib – hesabat dövründə anbardakı şüşənin həcmi 1,6 milyon kvadratmetri keçib. Halbuki ilin əvvəlində bu rəqəm 1,2 milyon kvadrat idi.
Betondan yığma tikniti konstrkusiyalarının istehsalında isə 2,9 dəfə artım olub (Cədvəl).
Qeyd edək ki, 2025-ci ilin ilk 7 ayında digər əsas tikinti materialı sayılan tikinti qumunun istehsalı və ya hasilatı da xeyli – 13%-ə yaxın azalıb. Bu il 645 min ton qum hasil edilib.
Hələlik görünən odur ki, tikinti materiallarının istehsalını azalması tikniti sepktonrundakı geriləmənin əlaməti deyil – 2025-ci ilin ila 7 ayında ölkədə tikinti sektorunda 4 milyard 348 milyon manatlıq iş görülüb ki, bu da 5,5 faiz artım deməkdir. Amma tikinti materiallarının istehsalında azalma dava etsə, qarşıda bu tikinti sektorunun da azalmasını müşahidə edə bilərik.