Bakı şəhərinin 2040-cı ilədək Baş Planı paytaxtın iqtisadi və şəhərsalma strukturunda uzunmüddətli dəyişikliklər üçün əsas yaradır. Sənədin uğurlu icrası isə şəhərin yaşayış keyfiyyətinin yüksəldilməsi, torpaq resurslarından səmərəli istifadə və daşınmaz əmlak bazarında proqnozlaşdırıla bilən mühitin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov Bakı 2040 Baş Planının daşınmaz əmlak və torpaq bazarına təsirlərini şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, sənəd çərçivəsində paytaxtın bir sıra ərazilərində nəqliyyat əlaqələrinin, yaşayış sahələrinin və yerli iqtisadi fəaliyyətin inkişafı nəzərdə tutulur. Məsələn, Binəqədi rayonunun yeni inkişaf sahələrində təqribən 75 000 nəfərlik əlavə yaşayış potensialı göstərilir ki, bu da ərazinin gələcək şəhərsalma əhəmiyyətini nümayiş etdirir. Bu istiqamətdə torpaq alışı zamanı nəqliyyat qovşaqlarına yaxınlıq, tikinti təyinatı, kommunal infrastruktur və hüquqi sənədlər əsas meyar olmalıdır.
“Bakının şərq hissəsində yəni, Zığ və Hövsanda da yaşayış və sahilyanı inkişaf prioritet təşkil edir. Baş Planda Zığda təqribən 11 min, Hövsanda isə 23 min nəfərlik əlavə yaşayış potensialı nəzərdə tutulub. Lakin bu istiqamətlərdə torpaq bazarı potensialı araşdırılarkən sahilyanı mühafizə zolaqları, ekoloji məhdudiyyətlər və torpağın məqsədli təyinatı mütləq nəzərə alınmalıdır. Eyni zamanda, Mərdəkan, Qala, Buzovna və Zirə əraziləri regional yaşayış, xidmət və istirahət infrastrukturu baxımından diqqət çəkir. Qala üçün 40 168, Mərdəkan üçün 18 839, Buzovna üçün 14 000, Zirə üçün isə 7 200 nəfərlik əlavə yerləşdirmə potensialı müəyyən edilib. Həmin ərazilərdə torpaq alışı zamanı yalnız bugünkü qiymətə əsaslanmaq kifayət deyil, gələcək nəqliyyat bağlantıları, kommunal təminat, tikinti sıxlığı və real bazar tələbatı qiymətləndirilməlidir”.
A.İbrahimov Bakı 2040 Baş Planının ən həssas istiqamətlərindən birinin də köhnəlmiş yaşayış fondunun yenilənməsi olduğunu vurğulayıb.
“Paytaxtda istismar müddətini başa vurmuş, texniki vəziyyəti qənaətbəxş olmayan və müasir yaşayış standartlarına cavab verməyən binaların yenilənməsi zərurəti var. Yasamal, Nəsimi, Nərimanov, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında bu istiqamətdə layihələr diqqətdə saxlanılmalıdır. Söküntü zamanı vətəndaşın əmlakının bazar dəyəri düzgün müəyyən edilməlidir. Kompensasiya məbləği vətəndaşa yaşadığı əraziyə yaxın yerdə alternativ mənzil əldə etmək imkanı verməlidir. Qiymətləndirmə zamanı mənzilin sahəsi, yerləşməsi, mərtəbəsi, texniki vəziyyəti, ətraf infrastruktur, bazar analoqları və digər dəyər amilləri nəzərə alınmalıdır. Bütün əmlaklara eyni kompensasiya məbləğinin tətbiqi iqtisadi baxımdan əsaslandırılmış yanaşma deyil”.
Baş Planın torpaq bazarında yeni investisiya marağı yaradacağını deyən AQC sədrinin müşaviri xəbərdarlıq edib ki, bu, torpaqların hamısının eyni sürətlə bahalaşacağı anlamına gəlmir.
“İnvestorlar üçün torpağın mülkiyyət hüququ və çıxarışının olması, Baş Plan üzrə funksional zonanın müəyyən edilməsi, torpağın məqsədli təyinatı və tikinti hüququ xüsusi əhəmiyyət daşıyır. Məsələn, sənaye təyinatlı torpaqların yaşayış və ya kommersiya məqsədilə istifadə ediləcəyini əvvəlcədən qəbul etmək olmaz, bunun üçün müvafiq şəhərsalma və hüquqi prosedurlar tamamlanmalıdır. Həmçinin nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun mövcudluğu, ərazidə gələcək yaşayış və kommersiya tələbatının qiymətləndirilməsi vacibdir. Torpağın bugünkü bazar dəyəri ilə gələcək inkişaf potensialı ayrı-ayrılıqda qiymətləndirilməli, hələ reallaşmamış layihələrin yaratdığı gözləntilər torpağın hazırkı bazar dəyərinə avtomatik əlavə edilməməlidir”.
Asif İbrahimov qeyd edib ki, gələcək inkişaf baxımından Lökbatan–Xocahəsən, Sabunçu-Zabrat, Binəqədi-Biləcəri, Zığ-Hövsan və Mərdəkan-Qala istiqamətləri daha ətraflı araşdırılmalıdır. Qarşıdakı illərdə torpaq və daşınmaz əmlak bazarında ən mühüm məsələlərdən biri şəhərsalma qərarlarının iqtisadi dəyərə necə təsir etməsi olacaq. Düzgün şəhərsalma qərarı, şəffaf torpaq bazarı və obyektiv əmlak qiymətləndirilməsi bir-biri ilə birbaşa əlaqəlidir və bu prosesdə peşəkar qiymətləndirmənin rolu durmadan artacaq (Modern).













