Azərbaycanda qeyri-yaşayış obyektlərinin sadələşdirilmiş prosedur üzrə sənədləşdirilməsi üçün iş adamlarına verilmiş müraciət müddəti başa çatmağa yaxınlaşır.
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az biznes və iqtisadiyyat xəbərləri portalına verilən məlumata görə, bu müddətin başa çatmasına, yəni sahibkarların sadələşmiş üsulla öz obyektlərini sənədləşdirməsi müddətinin bitməsinə cəmi 25 gün qalıb.
Xatırladaq ki, bu proses Azərbaycan Prezidentinin 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə başlayıb.
Rəsmiləşdirmə prosesi başlayandan bəri indiyədək 5 557 obyektin istismarına icazə verilib. Onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən çıxarış təqdim olunub. İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir.
Qeyd edək ki, Fərmana əsasən tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə sənədinin verilməsi ilə bağlı müraciətlərin qəbulu prosesi Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən hazırda davam edir. 1 yanvar 2026-cı il tarixinədək sözügedən quruma müraciət edən obyekt sahibləri sadələşdirilmiş prosedurdan yararlanmaq hüququna malik olacaqlar.
Bu prosedura əsasən, ilkin sənədlər təqdim edildikdən sonra müraciətlər xüsusi elektron portal üzərindən qeydiyyata alınır. Tələb olunan tam sənədlər paketinin təqdim edilməsindən sonra məlumatlar müvafiq müayinələrin aparılması üçün aidiyyəti dövlət qurumlarına yönləndirilir. Aidiyyəti dövlət qurumlarının müsbət rəyi olarsa, obyektlərin istismarına icazə sənədi verilir. Obyekt sahibləri bu sənəd əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə çıxarışın alınması ilə bağlı müraciət edə bilərlər.
Obyektlərin sənədləşdirilərək qanuniləşməsi sahibkarlara mülkiyyət hüquqlarının tam rəsmiləşdirilməsinə imkna verir. Bu da onların girov qoyulub kredit götürülməsindən tutmuş digər məsələlərə qədər əlavə üstünlüklər yaradır.
Fərmanın icrası nəticəsində rəsmiləşdirilmiş 4 196 qeyri-yaşayış obyektinin ümumi bazar dəyəri təxminən 4 milyard AZN təşkil edir ki, bu da ölkə iqtisadiyyatına əlavə kapitallaşma və biznes fəaliyyətinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətli töhfədir.
Bununla yanaşı, adıçəkilən Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2026-cı il 1 iyun tarixinədək istismar icazəsi olmayan qeyri-yaşayış binalarında torpaq və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşa edilməsindən yaranan problemlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin təşkil olunması tapşırılıb.










