2024-cü il mənzil bazarı üçün qeyri-sabit və keçid dövrü xarakteri daşıyıb.
FED.az bu barədə ABB-nin "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" araşdırmasına istinadən xəbər verir.
2024-cü il bazarda ehtiyatlı davranışın, riskdən yayınmanın və alıcıların daha çox hazır mənzillərə yönəlməsinin üstünlük təşkil etdiyi il olub.
2025-ci ildə mənzil bazarında qiymət dinamikası daha aydın mərhələlər üzrə formalaşıb. İlkin bazarda orta təklif qiyməti 1R25–2R25 dövründə –3,6% azalaraq 275 000 manatdan 265 000 manata enib. Bu, alıcıların ehtiyatlı davranışı və bazarda qısamüddətli gözləmə mövqeyi ilə izah oluna bilər.
Lakin 2025-ci ilin III rübündə qiymətlər +7,9% artaraq 286 000 manata yüksəlib və bu, 2025-ci ilin ən yüksək göstəricisi olub.
Təkrar bazarda 2025-ci ilin əvvəlində daha kəskin korreksiya müşahidə olunub. 4R24–1R25 dövründə orta təklif qiyməti –5,9% azalaraq 221 000 manatdan 208 000 manata enib. Buna baxmayaraq, 2R25–3R25 mərhələsində təkrar bazar ardıcıl artıma keçib və rüblük əsasda +6,1% yüksəlib.
2025-ci ilin ikinci yarısına doğru bazarda bərpa və aktivləşmə əlamətləri güclənib. Hər iki bazarda qiymət artımı müşahidə olunur ki, bu da mövsümi canlanma, investisiya yönümlü alımlar və daşınmaz əmlakın qoruyucu aktiv kimi qəbul edilməsi ilə əlaqələndirilə bilər.
İlkin və təkrar bazar arasında qiymət fərqi 2025-ci il boyunca nisbətən stabil qalıb. 2025-ci ilin I rübündə ilkin bazar təkrar bazardan təxminən 32%, III rübdə isə 27% baha olub. Bu, ilkin bazarın qiymət üstünlüyünü qoruduğunu, lakin təkrar bazarın da artım tempini saxladığını göstərir.











