2024-cü ildə mənzil bazarında dalğalanma müşahidə olunub.
FED.az bu barədə ABB-nin "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" araşdırmasına istinadən xəbər verir.
Məlumata görə xüsusilə 3-cü rübdə ilkin bazarda zəifləmə baş verib, eyni dövrdə təkrar bazar nisbətən daha dayanıqlı qalıb. Bu, alıcıların riskdən yayınaraq hazır mənzillərə üstünlük verməsi ilə izah oluna bilər.
2024-cü ilin 4-cü rübü dönüş nöqtəsi kimi çıxış edib. Həm ilkin, həm də təkrar bazarda artım başlayıb və bazar gözləntiləri müsbət istiqamətdə formalaşıb.
2025-ci ilin ilk üç rübündə ardıcıl və stabil artım qeydə alınıb. İlkin bazarda artım tempi daha yüksək olub ki, bu da tikinti şirkətlərinin daha çevik qiymət və ödəniş şərtləri təklif etməsi ilə əlaqələndirilə bilər.
İlkin bazar 4R24 → 3R25 dövründə +9,8%, təkrar bazar isə +6,8% artım göstərib. Bu, ilkin bazarın artım tempinə görə daha aktiv olduğunu göstərir. Qiymət fərqi kəskin şəkildə daralıb.
2024-cü ilin IV rübündə təkrar bazar qiymətləri ilkin bazar qiymətlərindən +8,2% yüksək olduğu halda, 2025-ci ilin I rübündə bu fərq cəmi +1,9%-ə enib. Bu, ilkin bazarın rəqabət qabiliyyətinin gücləndiyini göstərən əsas dəyişikliklərdən biri olub.











