Ölkədə əmlak qiymətlərinin bahalaşması özünü təkcə paytaxt Bakıda deyil, digər rayonlarda da göstərir. Rayonlarda da həm fərdi evlərin, həm də torpaq sahələrinin qiymətləri artıb.
Bakıda bahalı ərazilər - Kvadratı 7 min manat olan - MƏNZİLLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmlak qiymətlərində artımın müşahidə olunduğu yerlərdən biri də Şamaxı rayonudur. Bakıya yaxın ərazidə yerləşməsi, istirahət zonalarının çox olması, qiymət artımını sürətləndirən amillərdəndir.
Azərbaycanda əmlakın ən çox bahalaşdığı - RAYON/ŞƏHƏRLƏR - QİYMƏTLƏR, SİYAHI
Əmlak alqı-satqısı ilə məşğul olan şəxslər deyirlər ki, rayonlarda hələ əmlak bazarı tam formalaşmayıb, standart bir qiymət mexanizmi yoxdur, əmlak sahibləri istədikləri satdıqları əmlaka istədikləri qiyməti qoyurlar.
Paytaxtda evlərin qiyməti onların yerləşmə yerinə və sahəsinə görə müəyyən edilir. Əslində rayonlarda da evlərin qiyməti - mərkəzə yaxın yerləşməsi, yerləşdiyi torpağın sahəsi və təmirin vəziyyətindən asılıdır. Eəni zamanda qiymətlərə evin yola və məktəbə yaxın olması da təsir edir.
Mənzil alıcılarını aldadan MTK-ların - «QARA SİYAHI»SI HAZIRLANA BİLƏR
Maklerlər bildirir ki, son dövrlər Şamaxıda evlərin və torpaq sahələrinin qiyməti artsa da, ümumi olaraq əmlaka tələbat azalıb. Hazırda ev alanların sayı demək olar yox dərəcəsindədir.
Şamaxı rayonunda ev alıq-satıqsı ilə məşğul olan Mehman Əfəndiyev FED.az biznes və maliyyə xəbərləri portalına evlərin, torpaq sahələrinin qiymətləri haqqında məlumat verib:
«Hazırda şəhərin mərkəzində 4-6 sot ərazi içərisində tikilmiş, 180-200 kvadratmetr sahəsi olan evlərin qiyməti 200-250 min manat ətrafındadır. Kənar ərazilərdə isə qiymətlər daha ucuzdur. Məsələn, şəhər kənarında ərazilərdə 70 kvadratmetr sahəsi olan fərdi yaşayış evi 35 min manata, 100 kvadratmetr sahəsi olan evi 50, 60, 65, 80 min manata təklif edənlər var. Evin şəraitindən, tikilmə üsulundan yerləşməsindən asılı olaraq bu qiymətlər də dəyişir”.
Mehman bəyin sözlərinə görə, evlərin qiymətlərində artım görünsə də, şəhərin mərkəzinə uzaq olan ərazilərdəki evlər demək olar ki, bahalaşmayıb:
«Elə ev var ki, satışa 70 min manatla çıxarılıb elə həmin qiymətdə də qalıb, elə evlər var ki bir neçə il əvvəl qiyməti 150 min manat idisə, hazırda onun qiyməti 200 min manatdan bahadır. Evlərin qiymətlərində artım özünü daha çox yerləşmə yerinə görə göstərir».
Şamaxıda ən baha evlər bu ərazidədir
Əmlak satıcısının sözlərinə görə, Şamaxıda ən bahalı evlər mərkəzi ərazilərdə - İcra Hakimiyyəti və Polis İdarəsinin yaxınlığında yerləşir: «Hazırda burada 30 sot torpağın içərisində 80-90 kvadratmetr sahəsi olan ev satılır, evdə müəyyən çat formalı zədələr olsa da, sahibi onu 500 min manata satışa qoyub».
Villalar, bağ evləri isə əsasən yüksəklik ərazilərdə - Çuxuryurd, Məlhəm, Avaxıl, Pirqulu kəndlərində tikilir: «Bu ərazilərdə kiçik sahəsi olan 2 otaqlı evin qiyməti 100 - 110 minə təklif olunur. Villaların qiyməti havasına, yerinə, tikilişi üslubuna, böyüklüyünə, otaq sayına və s. nüanslara görə, 1 - 2 milyon manata qədər arta bilər», - deyə makler əlavə edib.
Əmlak alqı-satqısı ilə məşğul olan Elvin Kərimov isə FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, Şamaxıda əsasən fərdi yaşayış evləri satışa çıxarılsa da, satışda bina evləri də olur: «Yeni tikili binalarda təmirli 2 otaqlı mənzil 75-80 min manata, 3 otaqlı mənzillər 90-95 min manata satılır».
Fərdi evlərlə yanaşı Şamaxıda torpaq sahələrinin də qiyməti bahalaşıb
Tikinti təyinatlı torpaq sahəsinin qiyməti rayonun hansı ərazisində yerləşməsindən asılı olaraq 2 min manatdan 30 min manata kimi dəyişir: «30 min manatlıq torpaq şəhərin mərkəzindədir, amma belə sahələrə tələbat azdır. Bu yaxınlarda şəhərin mərkəzində 3 sot ərazini 45 min manata real alıcı tərəfindən alındı. Bir sotun qiyməti 15 min manata düşdü. Elə real qiymətlər də bu ətrafdadır»- Mehman Əfəndiyev deyib.
Digər makler Elvin Kərimovun sözlərinə görə, rayonun mərkəzində - Mərkəzi Univermaq, İcra Hakimiyyəti ətrafında torpağın sotu 15 - 20 min manatdırsa, kənar ərazilərdə - Asan Xidmətə yaxın ərazilərdə torpağın sotu 1 500 manatdan başlayır.
M.Əfəndiyev isə deyir ki, son bir neçə ildə bir sot torpağın qiyməti təxminən 2-3 min manat bahalaşıb:
“Məsələn, Çuxuryurd kəndində torpaq sahələrini bir neçə il əvvəl sotunu 2 minə almaq olardısa, hazırda bu qiymət 3,5 - 4 min manat təşkil edir. 2 dəfəyə yaxın artım olub».
Kəndlərdə ev tikmək üçün torpaq sahələrinin qiyməti də infrastrukturdan - yola yaxın olmasınadan, qazın, suyun, işığın olmasından asılı olaraq dəyişir:
Qiymətlər müxtəlif kəndlərdə fərqlidir – Şamaxının «ən bahalı» kəndləri seçilir
Şamaxıda torpaq və evlərin qiyməti kəndlərə görə də dəyişir. Yolu, yerləşməsi və turizm imkanları daha yaxşı olan kəndəldə əmlak bahalıdır.
Həm torpaq sahəsi, həm də fərdi evlərin ucuz olduğu kəndlər Mədrəsə, Cabanı, Quşçu, qiymətlərin baha olduğu kəndlər isə Çuxuryurd, Kirovka, Avaxıl, Məlhəm, Nağaraxana və Pirquludur: «Məsələn, hazırda Mədrəsə kəndində satışda bir ev var, 7 sotun içərisində yerləşən bu evin qiyməti 42 min manatdır. Bu ev Çuxuryurd ərazisində olsa idi, evin 200 - 250 min manat qiyməti olardı»-deyə Mehman Əfəndiyev FED.az-a vəziyyəti izah edir. Elvin Kərimovun sözlərinə görə isə Mədrəsədə 40 sot həyətin içərisində 2 mərtəbəli evi 30-28 min manat, hətta 25 minə də almaq olar.
Tikinti təyinatlı torpaqların da qiyməti Mədrəsə, Cabanı kimi kəndlərdə bir sotu 1000 manatdan, Pirqulu, Avaxıl kimi kəndlərdə isə 3-5 min manatdan başlayır.
Elvin Kərimov isə bildirir ki, Pirqulu, Avaxıl, Məlhəm, Çuxuryurd ərazilərində fərdi evlərin qiyməti torpaq sahəsindən asılı olaraq 70 - 80 mindən başlayır, elə evlər var ki, 120 min manata təklif olunur. Villaların qiyməti isə 250 min manatdan başlayır, satışda qiyməti 850 min manata çatan villalar da var.
Əkin torpaqlarının qiyməti də sürətlə artır
Ümumi qiymət artımı ən çox əkinə yararlı torpaqlarda müşahidə edilir. Əkin sahələrinin qiyməti də yerləşmə yerindən asılı olaraq dəyişir. Elə ərazilər var ki, bir hektar torpağın qiyməti 2 000-2 500 manata təklif olunur, bəzi ərazilərdə isə torpağın hektarı 10-15 min manatdır.
Məsələn, Pirquluda əkin sahələrinin bir hektarı 35 min manatdırsa, Cabanı kəndində qiymət 4-5 min manatdır. Əkin yerlərinin baha olması isə birbaşa olaraq torpağın münbitliyi ilə bağlıdır. Mədrəsə kəndinin də əkin sahələrinin qiyməti bahadır, demək olar ki, əkin sahəsi satan yoxdur, olsa da, minimum 5 min manatdır.
Yüksəklik ərazilərdə yerləşən kəndlərdə - Çuxuryurd, Avaxıl, Nağaraxana, Məlhəm kimi kəndlərdə əkin torpaqlarının qiyməti 10 min manatdan başlayır 20 minə qədər davam edir.
Mehman Əfəndiyev bildirir ki, kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrinin qiyməti də şəhərin mərkəzinə yaxın olması və torpağın münbitliyi ilə əlaqədar baha və ucuz olur:
“Şəhərə yaxın yerlərdə kənd təsərrüfatı təyinatlı münbit torpağın bir hektarının qiyməti 30-35 min manatdan, kənar ərazilərdə yerləşən əkin sahələrinin satış qiyməti isə 4-5 min manatdan başlayır.
Makler deyir ki, son illərdə əmlakların qiyməti artsa da, alıcı demək olar ki, yoxdur:
“Satıcıların sayı artıb, amma alanların sayı aşağı düşüb. Elə evlər var ki, uzun müddətdir satışdadır, buna baxmayaraq evi alan yoxdur. Hətta bəzi hallarda ucuzlaşma da müşahidə olunur, məsələn satışda olan bir ev 220 min manata təklif olunurdu, 4 il sonra həmin evi alan olmadığına görə qiymətini 200 - 190 min manata qədər salıb”- deyə Elvin Kərimov bildirib.










