Daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsi üçün əlavə imkan yaradır.
Eləcə də bax: Dövlət əmlakının icarəsindən gəlirlər - 76,5 % ARTIB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, yanvar-mart ayları ərzində 73.346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17.979-u (24,5 %-i) ilkin, 55.367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı - Statistika
2022-ci ilin ilk rübü ərzində 3.712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9.191 olub.
Cari ilin yanvar-mart ayları ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı
2022-ci ilin yanvar-mart ayları ərzində 57.813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artım deməkdir. Bu ilin ilk rübündə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,6% artaraq 15.047 təşkil edib.