2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 560 milyon 837 min dollar dəyərində 26 min 45 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 92 milyon 99 min dollar yəni 14,1% , miqdar ifadəsi ilə təxminən 428 ton ( 1,6%) azalıb.
Ötən ilin müvafiq dövründə 652 milyon 936 min dollar məbləğində 26 min 833 ton dərman gətirilib.
1 ton əczaçılıq məhsullarının idxal qiyməti bu il 21 239 dollar, ötən il isə 24 333 dollar təşkil edib. Qiymətlərdə 3 094 dollar və ya 12,7% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş dərman məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,24%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə dərman idxalı Azərbaycanın ümumi idxalının 4,49%-ni təşkil etmişdi.