FED.az biznes maliyyə portalının “Şirkətimizi tanıdaq” adlı müsahibə layihəsinin ilk qonağı Sevda Əliyevadır. Qeyd edim ki, Sevda xanım Azərbaycan bazarında kifayət qədər tanınan “hikvision” müşahidə kameralarının Azərbaycandakı nümayəndəliyi olan “Araznet” MMC-nin İnsan Resursları departamentinin direktorudur. Şirkət Azərbaycan bazarında ABV ticarət nişanı ilə tanınır.
Dəyərli oxucular, Sizə Sevda xanımla olan müsahibəni təqdim edirik.
Hörmətli Sevda xanım, ABV-də işə götürmə qaydaları necə tənzimlənir?
-“Araznet” MMC olaraq işəqəbul proseslərində əsas məqsədimiz şirkəti yüksәk peşәkarlığa malik vә perspektiv vәd edәn kadrlarla təmin etməkdir. Bu məqsədlə hər ilin sonu biz növbəti ilin büdcə planlaması zamanı cəmiyyətin hədəf və strategiyalarına uyğun olaraq kadr planlaması həyata keçiririk. Lakin bu planlama standart kimi yox zəruri hallar nəzərə alınaraq dəyişilə biləndir. İşə qəbul və kadr planlaması zamanı daxili və xarici resurslardan istifadə olunur. Priaritetlərimiz təbii ki, daxili resurslardan istifadədir. Məncə bu, bütün müəssisələrdə eynidir. Lakin daxili resurslar hesabına bu prosesi icra etmək, vakansiyanı bağlamaq mümkün olmadıqda təbii xarici resurslardan istifadə edirik. Qeyd edim ki, texnologiya sahəsinə marağın günü-gündən artması səbəbilə şirkətimizə kifayət qədər işə qəbulla bağlı müraciətlər olunur və bu bizi çox sevindirir. ABV ailəsinin bir üzvü olmaq çox gözəldir.
Hansı qabaqcıl HR alətlərindən istifadə olunur?
-Əvvəla qeyd edim ki, müəssisələrdə əsas təşkilati effektivlik anlayışı formalaşmalıdır. İstifadə etdiyimiz bütün alətlər bu amala xidmət edir. Bir neçə İR alətlərindən aktiv istifadə edirik. Bunlardan bəzilərini qeyd edə bilərəm. Kadr planlama daha sonra kadrların axtarışı, kadrların cəlb edilməsi və işə qəbul prosesi ilkin mərhələlər hesab edilir.
ABV-də motivasiyaya xüsusi diqqət yetirilir...
-Motivasiya və qiymətləndirməyə şirkətimiz xüsusi diqqət yetirir. Bunun üçün işlənib hazırladığımız motivasiya proqramlarımız mövcuddur. 3600 qimətləndirmə metodu ən sevdiyim alətlərdəndir. Bu metod hər bir işçinin əməyinin birbaşa rəhbəri, şöbədəki həmkarları, tabeliyində olanlar və özü tərəfindən qiymətləndirildiyi sadə üsuldur. Sorğunun nəticələri əməkdaşın faktiki performansını və hər birinin ümumi komandadakı mövqeyini əks etdirir. Peşəkar bacarıqların qiymətləndirilməsini isə daha fərqli üsulla icra edirik. Nəzərə alsaq ki, mən hələ özüm də bu şirkətdə yeniyəm, ona görə də hələ ki planlarımızı tam reallaşdırmağa vaxt imkanımız olmayıb. Lakin rəhbər heyətimizin və komanda yoldaşlarımızın tam dəstəyi ilə böyük nailiyyətlər edəcəyimizə əminəm. Hazırda komanda əməkdaşlarımızın təlim və inkişafına istiqamətlənmiş işlər icra edilir. Xarici təlimlərlə yanaşı daxili təlimlər də prioritetlərimizdir. Həftənin 3 günü əməkdaşlarımız üçün daxili təlim keçiririk. Korporativ Əməkdaşlıq, Aktiv Satış, Rəylərin toplanması Kommunikasiya: Email və Telefon Etiketi, Zamanın İdarə edilməsi, Şikayətlər zamanı davranış, Münaqişələrin həlli, İdarəetmə, Loyallıq Proqramı, Komandanın Qurulması, Liderlik, Monitorinqin təşkili, Effektiv Satışın Qaydaları və s. təlimlərin adını çəkə bilərəm.
Gələcəkdə HR sisteminin avtomatlaşdırılması istiqamətdə hansı addımlar atılacaq?
-Müasir zamanda artıq demək olar bütün şirkətlər ehtiyyaclara cavab verməyən köhnə İnsan resursları sistemindən rəqəmsallaşma sisteminə keçid edirlər. Bu istər səmərəliliyin artırılması istərsə də, iş axınlarının daha detallı izlənilməsi üçün çox vacibdir.
Təbii ki, “Araznet” MMC olaraq proseslərin avtomatlaşdırılmasına xüsusi diqqət ayırırıq, ayırmalıyıq da çünki sənəd dövriyyəmizi, daxil edilmiş məlumatların dəqiqliyini vahid bir platformadan idarə etmək daha məqsədəuyğundur. Şirkətimizdə İnsan resursları prosesləri qismən avtomatlaşdırılıb, yaxın gələcəkdə bu prosesin yekunlaşdırılacağı nəzərdə tutulur.
Müsahibə üçün təşəkkür edirik...
Mən də öz növbəmdə təşəkkür edir, FED.az komandasına uğurlar arzulayıram.