Uzun illər TV sahəsində fəaliyyət göstərən, hazırda “VT Company” şirkətinin təsisçisi və Fins.az xəbər portalının rəhbəri Vüqar Bağırov yerli TV kanalların fəaliyyət istiqamətləri haqqında müsahibə verib.
FED.az müsahibəni təqdim edir.
- TV kanalların hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
- Müasir dövrümüzdə internet resursları televiziyanı üstələyib və çoxları hesab edir ki, TV kanallar öz dövrünü yavaş-yavaş bitirməyə doğru gedir, amma mən belə hesab etmirəm. Düzdür, müasir texnologiyalar çox inkişaf edib, ancaq TV kanallar hələ uzun illər bizimlə olacaq. Lakin Azərbaycanda yerli TV kanlların formatı yenidən qurulmalıdır.
Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən TV kanalların maddi bazası buna cavab verir. Çatışmayan cəhəd isə izləyicilərin istəkləridir. Hər bir TV kanalın auditoriyasının rəylərinə əsasən verilişlər hazırlanmalıdır. Çünki televiziya xalqın güzgüsüdür.
- Qeyd etdiyiniz amilləri nəzərə alaraq, hansı addımları atmağı mütləq hesab edirsiniz?
- İlk növbədə, tamaşaçılar arasında kütləvi sorğu keçirmək mütləqdir. Bundan sonra hədəf kütlələri müəyyənləşdirilib, onları uyğun saatlara bölmək və müxtəlif PR alətlərindən istifadə edərək, təbliğ etmək lazımdır.
- Sizcə, TV kanallar veriliş formatlarını necə müəyyən etməlidirlər?
- Ekspertlərin əksəriyyəti bildirirlər ki, əvvəl Bədii Şura var idi və bu qurumun icazəsi əsasında verilişlər yayımlanırdı. Bu məsələ ilə razıyam, hər bir TV kanalın daxilində buna bənzər nəzarət missiyası yaradılmalıdır, ancaq üzvlər həmin TV kanalın əməkdaşları deyil, ölkənin mədəni və ictimai həyatında fəal olan şəxslər və mütəxəssislər olmalıdır. Onlar əvvəlcədən verilişlərin formatlarına baxaraq, həmin verilişin efirə yararlı olub-olmadığınına qərar verməlidilər. Onu da qeyd edim ki, həmin mütəxəssislərə müəyyən məbləğ civarında qonorar təyin olunmalıdır.
- Ölkədə fəaliyyət göstərən prodakşnların TV kanallar ilə əməkdaşlığını necə dəyərləndirisiniz?
- Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən prodakşnlara efirlərdə daha çox yer ayırmalıdır və prodakşnların qarşısına keyfiyyətli məhsul təqdim edilməsiylə bağlı məsələ qoyulmalıdır. Bu prosesdə prodakşnlarla TV kanallar sıx əməkdaşlıq etməlidirlər. Bu isə öz növbəsində keyfiyyətli məhsulun efirdə yayımlanmasını təmin edəcək və prodakşnların inkişafına təkan verəcək.
- Yeni format, şuraların yaradılması və başqa bu kimi faktorlarım ərsəyə gəlməsinəTV kanalların maddi gücü çatacaqmı?
- Əlbəttə. Ümumiyyətlə, media qurumu dövlətdən və ya hər hansı bir qurumdan maliyyələşməməlidir. Bunun üçün bir biznes modeli qurulmalıdır və investorlar cəlb olunmalıdır, o cümlədən, media qurumuna məxsus səhm buraxılmalıdır və s. Bu, öz növbəsində həm maliyyə problemlərini həll edəcək, həm də məsuliyyəti dahada artıracaq.
- Bu fikirləriniz yaxın gələcəkdə reallaşacığa ümid edirsiniz?
- Xüsusilə vurğulayım ki, cənab prezidentimiz İlham Əliyev həm daxili, həm də xarici siyasət sahələrində dünya liderlərindən biridir. Ölkədə aparılan siyasi, sosial və iqtisadi islahatlar buna sübutdur. Sahibkarlar üçün yaradılan şərait, bir çox ölkələr üçün nümunə ola bilər. Sahibkarlarımız medianı öz dostu hesab etməyə başlayan anda, bu sahə inkişaf etməyə başlayacaq və inanıram ki, ölkəmizdə fəaliyyət göstərən media subyektləri dünya çapında aparıcı media resurslarına çevrilə bilər.
Fürsətdən istifadə edərək, xalqımızı qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, TV kanallarımız xalq tərəfindən yüksək dəyərləndiriləcək və qürurlandıracaq. (Fins.az)