Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafının yeganə yolu sahibkarlığın, xüsusilə texnoloji və innovativ sahibkarlığın dəstəklənməsidir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu "PASHA Holding"in baş direktorunun müavini, İcraiyyə Komitəsinin üzvü Dəyanət Sədullayev bu gün Bakıda "PASHA Holding"in təşkilatçılığı ilə keçirilən Beşinci INMerge İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, "PASHA Holding"də ölkədə və regiondakı vəziyyətlə bağlı holdinq rəhbərliyinə proqnozlar hazırlayan Makroiqtisadi Araşdırmalar Departamenti fəaliyyət göstərir.
"Gördüklərimizdən belə qənaətə gəlirik ki, elə də çox vaxtımız yoxdur. İqtisadiyyat enerji resurslarına əsaslanır, amma bir əmtəə kimi neft öz yerini itirir - qiymətlər və tələb azalır, ölkədə istehsal azalır. Başqa yolumuz yoxdur. İqtisadi inkişafın yeganə yolu ölkədə sahibkarlığın inkişafıdır, ilk növbədə də texnoloji və innovativ sahibkarlığın. Hökumət də bunu gözəl anlayır, bunu onların çıxışlarında görürük", - D.Sədullayev söyləyib.
Onun sözlərinə görə, "PASHA Holding"də 30 minə yaxın işçi çalışır və korporasiyanın gələcəyi ölkənin ümumi iqtisadi göstəriciləri ilə birbaşa bağlıdır.
"Böyük korporasiya olaraq başa düşürük ki, biznesin inkişafı üçün inkişaf etmiş iqtisadiyyat olmalıdır. Ona görə də biz bu istiqaməti dəstəkləyirik. Xərclərimiz nə kor-koranə xərclər, nə də xeyriyyəçilikdir. Biz vəziyyəti qlobal və maliyyə institutlarının rəqəmlərində və proqnozlarında görürük. Ona görə də biz bu siyasəti dəstəkləyirik və ona görə də bu gün buradayıq", - "PASHA Holding" nümayəndəsi vurğulayıb («Report»).