Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Lək kəndində fiziki şəxs Qurbanov Mərhəmət Mütalif oğluna məxsus ət və ət məhsullarının istehsalı sexinə baxış keçiriblər.
FED.az xəbər verir ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Məlum olub ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmur, 1 və 3 kiloqramlıq polietilen paketlərdə qablaşdırılan sosiskaların üzərində istehlakçı üçün zəruri olan məlumatlar öz əksini tapmır, istehsalda istifadə olunan su filtrdən keçirilmir və laborator müayinələr aparılmır.
Bundan bağqa aşkar edilib ki, ət və ət məhsulları baytarlıq ekspertizasından keçirilmədən istehsal olunur, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmır, məhsulların bişirilməsində istifadə olunan sobanın üzərində termometr quraşdırılmayıb. Sexdə havalandırma sisteminin quraşdırılmadığı, anbarda saxlanılan xammalların üzərində markalanmanın aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi də aşkar edilib.
Müəssisədə istehsal olunan “Fərqli dad” nişanlı bişmiş, hisə verilmiş kolbasadan və sosiskadan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.