Plazaların ofislər üçün təklif etdikləri yerlərin qiyməti həm bir-birindən fərqlənir, həm də mərtəbədən asılı olaraq dəyişir.
FED.az olaraq paytaxtda fəaliyyət göstərən plazalardakı ofis qiymətlərini, sahələrini və şərtlərini araşdırdıq.
1-ci mərtəbə rahat olduğu üçün qiyməti yuxarıdır – “Caspian Plaza”
“Caspian Plaza”dan bildirdilər ki, hal-hazırda boş olan ofislərin sahəsi 40-250 kvadratmetr arası dəyişir. 250 kvadratmetr sahəsi olan ofis bütöv bir mərtəbəni əhatə edir. Burada yuxarı mərtəbələrdəki ofislərin 1 kvadratmetri 20 manata icarəyə verilir. 1-ci mərtəbədə isə ofislərin 1 kvadratmetrinin qiyməti isə 35-45 manat arası dəyişir. Bu qiymətlərin heç birinə ƏDV və kommunal xərclər daxil deyil.
Kommunal xərclər və ƏDV qiymətə daxildir – “Winter Park Plaza”
“Winter Park Plaza”da da ofis qiymətləri yerləşdiyi mərtəbədən asılı olaraq dəyişir. Burada ofislərin sahəsi 65-891 kvadratmetr arası dəyişir. 891 kvadratmetr sahəsi olan ofis bütöv bir mərtəbəni əhatə edir. 2-ci mərtəbədən 8-ci mərtəbəyə qədər olan ofislərin 1 kvadratmetrinin qiyməti 30 manata, 9-cu mərtəbədən 15-ci mərtəbəyə qədər olan ofislərin qiyməti 25 dollar, 16 və 17-ci mərtəbələrdəki ofislər isə VIP ofis adlanır və 1 kvadratmerinin qiyməti 28 dollardır. Plazadan bildirdilər ki, bu qiymətlərə kommunal xərclər(təmizlik,parkinq və s.) və ƏDV daxildir.
Bütöv bir mərtəbə də ofis kimi verilir – “Dəmirçi Plaza”
Bu plazada da ofislər üçün boş yerlər var. Əldə olan boş ofis yerlərinin sahəsi 72-133 kvadratmetr olaraq dəyişir. 133 kvadratmetr sahəsi olan ofis bütöv bir mərtəbəni əhatə edir. Bu plazada da qiymətlər mərtəbəyə görə dəyişir. Belə ki, yuxarı mərtəbələrdəki ofislərin 1 kvadratmetrinin qiyməti 20-35 manat arası dəyişdiyi halda, 1-ci mərtəbədəki ofislərin 1 kvadratmetrinin qiyməti 40-45 manatadır. Bu qiymətlərə də ƏDV və kommunal xərclər daxil deyil. 25 mərtəbəli “Dəmirçi Plaza”da hal-hazırda boş olan ofislər 20-ci mərtəbədən yuxarıda yerləşir.
Boş ofislər1 aydan sonra olacaq – “ISR Plaza”
“ISR Plaza”dan isə bildirdilər ki, burada hazırda boş ofis yeri 1 aydan sonra olacaq. Buradakı ofislərin sahəsi ümumilikdə 40-938 kvadratmetr arası dəyişir. 938 kvadratmetr sahəsi olan ofis bütöv bir mərtəbəni əhatə edir. Bu plazada qiymətlər mərtəbəyə görə dəyişmir. Belə ki, “ISR Plaza”da ofislərin 1 kvadratmetrinin əsas qiyməti 30 manatdır. 8,16 manat həcmində kommunal xərclər və ƏDV əlavə ödənməlidir.
1 kvadratmetri 8 manata ofis – “Babək Plaza”
“Babək Plaza”da hazırda 2 ofis boşdur. Qiymətlər mərtəbədən asılı olaraq dəyişmir. Ofislərin sahəsi 190-250 kvadratmetr olaraq dəyişir. Ofislərin 1kvadratmetrinin qiyməti isə 8 manatdır. Burada ofis icarə edənlər icarə haqqından əlavə 3 manat kommunal ödənişi və ƏDV ödəməlidirlər.
Qiymətlər mərtəbəyə görə dəyişir – “Çıraq Plaza”
“Çıraq Plaza”da isə ofislərin sahəsi 30-600 kvadratmetr arası dəyişir. Qiymətlər də mərtəbəyə görə fərqlənir. Belə ki, ofislərin 1 kvadratmetrinin qiyməti 20-25 manat arası dəyişir. “Çıraq Plaza”dan bildirdilər ki, bu qiymətlərə kommunal xərclər və ƏDV daxil deyil.
Plazalardakı ofis qiymətləri - SİYAHI
16:32
19 Dek 2017