O torpaqlara qazanmağa yox, əmək verməyə getmək lazımdır – USTA İLƏ SÖHBƏT
08:50
13 Yan 2021
Səməndər usta müsahiblərimizin demək olar ki, hamısından yaşlıdır. İnşaatçı kimi təcrübəsi 1965-ci ildən başlayıb. Özü isə 1946-cı ildə anadan olub.
Budəfəki həmsöhbətimiz Norm Ustalar Klubu layihəsinin Gəncədən olan iştirakçısı Səməndər Mehdiyevdir. S.Mehdiyev Gəncə İnşaat Texnikumunu bitirib. Texnikumu bitirən kimi də tikinti sahəsində işə başlayıb. Sovet tikinti sistemi ilə müasir tikinti sistemi arasındakı fərqdən danışan Səməndər usta deyir ki, o dövrdə texnologiya indiki kimi inkişaf etməmişdi, işlər əllə, nisbətən primitiv şəkildə görülürdü: “Mən əsasən Gəncədə işləyirəm, ən müxtəlif dəbli tikintilər sifariş edilir. O dövrlə bu dövr arasında fərq çoxdur. Araya koronavirus, müharibə düşdü, işlər bir qədər ləngidi, amma tələbat çoxdur. Həm də qış mövsümü olanda ümumiyyətlə işlər zəif olur”.
Tikinti sahəsindəki uzunmüddətli təcrübəsi indi Səməndər ustanı məsləhətçi kimi daha məşhur edib. Hazırda inşaat şirkətlərindən birində çalışan həmsöhbətimiz deyir ki, işdən kənar da çağırıb ondan məsləhət alan, dizaynlarda düzəlişlər istəyən adamlar olur.
Söhbət əsnasında Vətən müharibəsi zamanı xain düşmən tərəfindən Gəncəyə atılan bombaların dağıtdığı evlər haqda da danışdıq. Həmsöhbətimiz o prosesdə iştiraka hazır olduğunu deyir: “4 yerdə böyük dağıntılar oldu. Oralarda yenidən tikinti işləri başlayanda öz biliyimi, əməyimi verməyə hazıram. Məni burada yaxşı tanıyırlar, çağırsalar, can-başla gedib iştirak edəcəm bərpada”.
S.Mehdiyevin qardaşları onun yolunu getsə də, övladları ali təhsil almağa, ixtisaslı kadrlar olmağa üstünlük veriblər: “Universitetdə oxuyanı, təhsilini davam etdirəni var, amma tikinti sahəsində çalışanı yoxdur”.
Qarabağda başlayacaq yenidənqurma işlərində məmnuniyyətlə iştirak edə biləcəyini deyən həmsöhbətimiz bildirdi ki, o ərazilərin bərpası bütün azərbaycanlıların ən vacib işi olmalıdır: “Düzdür, burada işim var, amma qanında azərbaycanlı axan hər kəs üçün maaş-filan maraqlı olmamalıdır, hamı bir nəfər kimi işğaldan azad edilən torpaqlarımızda aparılacaq təmir-bərpa işlərində iştirak etməlidir. Ora hamı kömək etməlidir. O torpaqlara qazanc üçün getmək lazım deyil, oralara əmək vermək lazımdır”.
Norm Ustalar Klubu layihəsi haqda danışan S.Mehdiyev bildirdi ki, layihə müəllifləri ona hər zaman hörmətlə yanaşırlar: “Məni bütün tədbirlərinə çağırırlar, əməyimə qiymət verirlər”.
Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaradılıb. Klubun hazırda 5500 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə maarifləndirici təlimlər təşkil edilib.