Son dövrlərdə müdafiə sənayesi sahəsinə özəl sektorun artan marağı nəzərə alınaraq noyabrın 10-da “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu”na dair birinci onlayn forum keçirilib.
Eləcə də bax: Müdafiə sənayesi üzrə Azərbaycan-Türkiyə Birgə Forumu keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilir ki, KOBİA-nın təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin və aidiyyəti dövlət qurumlarının, özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirin məqsədi müdafiə sənayesi sahəsində özəl sektorun iştirakına, bu istiqamətdə Azərbaycan və Türkiyə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaq olub.
Onlayn forumda çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov forumun Azərbaycan üçün tarixi bir günə təsadüf etdiyini, ölkəmizin qazandığı Qələbənin xalqımız tərəfindən böyük sevinclə qarşılandığını qeyd edib. Bildirilib ki, Azərbaycan şirkətləri xüsusilə son dövrlərdə müdafiə sənayesi sektoruna maraq göstərir və özəl sektorun bu sahədə fəaliyyətinə dair Türkiyə təcrübəsindən yararlanmaq əhəmiyyətlidir. KOBİA müdafiə sənayesi sahəsində fəaliyyətə başlamaq istəyən şirkətlərə, xüsusilə də texnologiya və elmtutumlu layihələrin reallaşdırılmasına, habelə şirkətlərin təqdim etdikləri həllərin inkişafını təmin etmək üçün dövlətin dəstək mexanizmlərindən istifadə sahəsində dəstək göstərə, Türkiyədən olan tərəfdaşlarımızla, o cümlədən “SaSaD” və “SAHA İstanbul”la hər iki ölkədə birgə təlimlər və təcrübə proqramları təşkil edilə bilər.
Türkiyənin “SaSaD” təşkilatının icraçı direktoru Hüseyin Baysak və “Saha İstanbul”un nümayəndəsi Murad Çakır Azərbaycanı Qələbə münasibətilə təbrik edib, çıxışlarında təmsil etdikləri təşkilatların fəaliyyəti barədə məlumat verərək müdafiə sənayesi sahəsində özəl sektorun roluna və bu sahədə təcrübə mübadiləsinə dair fikirlərini bölüşüblər.
Onlayn forum çərçivəsində, həmçinin Azərbaycanın müdafiə sənayesinin uğurlarına, bu sektorda özəl şirkətlərin iştirakına və Türkiyə təcrübəsinə dair panel müzakirələr aparılıb.
Hər iki ölkənin şirkətləri tərəfindən fəaliyyətlərinə dair təqdimatlar keçirilib, müdafiə sənayesinin inkişafında özəl sektorun roluna dair forumun mütəmadi təşkili barədə razılıq əldə edilib