Valyuta mübadilə məntəqəsi “Eliko” MMC-nin vəzifəli şəxsi 10 min manat cərimə edilib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddəsinə əsasən "Eliko" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.
Şirkət daha öncə də, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat məbləğində cərimə edilib.
Bundan başqa Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 (on min üç yüz otuz dörd) manat məbləğində cərimə edilib.











