"2013-cü ildən etibarən sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib".
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli deyib.
Onun sözlərinə görə sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb:
"Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Belə ki, 2015-ci ildən 2024-ci ilin I yarımil ili də daxil olmaqla sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,35 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarımilində sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 476,6 milyonluq hissəsi ixracın payına düşür. "
Qeyd edək ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,1%, ixracında isə 26,9% təşkil edib.