Martın 28-30-da və aprelin 12-14-də Daşkənd şəhərində 22-ci Beynəlxalq “Qida məhsulları, inqrediyentlər və istehsalat texnologiyaları – UzFood 2023” və 19-cu Beynəlxalq “İstehsalat texnologiyaları. Ağac emalı. Mebel və komponentlər – MebelExpo Uzbekistan 2023” sərgiləri keçiriləcək.
13 layihəyə 260 min manat ayrılır - MÜQAVİLƏLƏR İMZALANDI
AZPROMO-dan FED.az-a bildirilib ki, Azərbaycan sahibkarları həmin sərgilərdə iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Özbəkistanın ən böyük ərzaq sərgisi olan “UzFood” işgüzar görüşlər və birbaşa danışıqlar üçün effektiv platforma rolu oynayır. Builki tədbirdə Belarus, Bolqarıstan, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Koreya Respublikası, Latviya, Litva, Malayziya, BƏƏ, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, Fransa, Şri-Lanka və s. ölkələrdən 180-dən çox şirkət iştirak edəcək. Sərginin bölmələrinə ət və quşçuluq, süd məhsulları, qənnadı məmulatlar, içkilər, qida inqrediyentləri, qida sənayesi avadanlıqları, qablaşdırma materialları və avadanlıqları daxildir.
Mebel sənayesi çərçivəsində keçirilən əsas tədbirlərdən biri olan “MebelExpo Uzbekistan”da ənənəvi olaraq mebel istehsalçıları, habelə mebel avadanlıqları, komponentləri, mebelin istehsalında istifadə olunan kimyəvi maddələrin, aksesuarların tədarükçüləri iştirak edir. Builki sərgidə Avstriya, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, İsveçrə, İsveç daxil olmaqla dünyanın 17 ölkəsindən 200 şirkətin iştirakı təsdiq olunub.