Azərbaycanda sahibkarlar üçün mühüm yeniliklər gözlənilir.
FED.az xəbər verir ki, yaxın aylarda iş adamlarının əsas problemlərindən biri olan elektrik şəbəkələrinə qoşulma tarifləri yenilənəcək və kəskin ucuzlaşacaq.
Bu barədə FED.az bir neçə mənbədən, o cümlədən dövlət qurumlarından aldığı məlumata, eləcə də «Elektroenergetika haqqında» qanuna dəyişikliklərlə bağlı prezidentin fərmanı və Nazirlər Kabinetinə verilən tapşırıqlara əsasən bildirir.
Qeyd edək ki, hazırda elektrik şəbəkələrinə qoşulma iş adamları üçün əsas problemlərdən biridir. Şəbəkəyə qoşulmanın texniki tərəfi, yəni texniki şərt və ya mənbənin uzaq-yaxınlığı bir tərəfə, əsas çətinliklərdən biri şəbəkəyə qoşulmaq üçün təyin edilən tariflərdir.
Əvvəlcə baxaq bu tariflər hansı həddədir:
«Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği» Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli qərarı ilə müəyyən edilib. Qərarda tikiniti obyektlərinin enerdji şəbəkəsinə qoşulması üçün iki qiymət var – bundardan biri şəbəkəyə 10 gün, digəri 20 gün ərzində qoşulma üçündür.
Təqribən xarici pasportu və ya şəxsiyyət vəsiqəsini tez və ya gec almaq üçün daha çox-daha az ödənişləri xatırladan bu qaydanın enerji sektoru kimi ciddi bir sahəyə necə gəlib düşdüyü məlum deyil. Amma hazırda qüvvədə olan bu qaydaya görə, şəbəkəyə 10 gün daha tez qoşulmaq sahibkarlara təqribən 50% artıq xərcə başa gəlir.
Qaydalara görə (20 günlük variant), 5 kVt-a qədər 1 fazalı enerji xəttrinə qoşulmağa görə, kənd təsərrüfatlı təyinatlı obyektlər 630 manat, sənaye obyektləri 700 manat, digər obyektlər 840 manat qoşulma haqqı ödəməlidir. 3 fazalı olanda qiymətlər ikiqat artıq olur – yəni 1245 manat, 1383 manat və 1660 manat.
Bundan sonra qiymətlər həndəsi silsilə ilə artır və məsələn 15 kVt-dan 20 kVt-dək (20 kVt-da daxil olmaqla) xəttə qoşulmaq üçün kənd təsərrüfatı obyektləri 3100 manat, sənaye obyektləri 3500, digər obyektlər 4100 manat ödəməlidirlər, özü də bu hələ 1 fazalı xəttə aiddir.
3 fazalı, məsələn 40 kVt-dan 50 kVt-dək (50 kVt-da daxil olmaqla) xəttə qoşulmaq üçün isə kənd tiəsərrüfatı obyektləri 11300 manat, sənaye obyetkləri 12500 manat, digər obyetklər isə 15 min manat ödəməlidirlər.
125 kVt-dan 150 kVt-dək (150 kVt-da daxil olmaqla) xəttə qoşulmaq istəyən obğyektlər isə əgər aqrar təyinatlıdırsa 21-23 min manat, sənaye təyinatlıdırsa 24-26 min manat, digət təyinatlılar isə 28-31 min manat qoşulma haqqı ödəməlidirlər.
Bu prosesi daha tez, məsələn 10 güunə etmək istəyənlər isə dediyimiz kimi, 50% artıq ödəniş etməlidirlər. Nəticədə, məsələn sonuncu misalda qoşulma haqqları 34-35 min manatdan başlayır və 46 min manatadək böyüyür. İş adamları və oxucularda dəqiq təsəvvür olsun deyə hazırda qüvvədə olapn tariflərin cdvəlini blüşürük (Cədvəl_Qoşulma_xərci).
Ən maraqlısı budur ki, göstərilən məbləğlər «Azərişıq» tərəfindən heç bir xidmətin göstərilməsini nəzərdə tutmur. Yəni bu xidmət haqqını ödəyən sahibkar, iş adamı və ya şirkət, transformatorun alınması xərcini, işıq xətlərinin lazımi məsafəyədək çəkilməsi xərcini də çəkməlidir. Yəni bu məbləğin qarşılığında icazə sənədinin təqdi edilməsindən başqa ciddi bir xidmət dayanmır.
Bu vəziyyətin sahibkarlara hansı problemləri yaratdığını qeyd etmək artıqdır. FED.az-a dəfələrlə müraciət edən sahibkarların əhvalatları göstərir ki, bəzin enerji şəbəkəsinə görə iş adamından tələb olunan və «Azərişıq»a ödənilən xidmət haqqı transformatorun alınması və quraşdırılması xərcini 10 dəfə üstələyir.
Belə ki, Göygöl rayonunda heyvandarlıq təsərrüfatı olan sahibkarın FED.az-a verdiyi məlumata görə, təsərrüfata transformatorun qoyulması üçün rəsmi xərc 25 min manat təşkil edir, bunun cəmsi 3 min manatı transformatorun qiymətidir, qalan məbləğ icazəyə sərf edilir.
Bir neçə gün əvvəl Qubada otel sahibi olan iş adamı FED.az-a bildirib ki, oteli davamlı enerji ilə təmin etmək üçün çəkilməsi planlaşdıran enerji xətti və transformatora görə ödəniş 32-35 min manata çatır və bunun 2-3 min manatı transformator üçün nəzərdə tutulur – qalan hissə, yəni təqriöən 30 min manat icazə sənədi üçün lazımdır.
Amma enerji şəbəkəsinə qoşulmaq üçün tətbiq edilən bu xidmət haqları özünü daha çox tikinti sektorunda tikinti obyektlərində göstərir.
Maraqlıdır ki, digər iki kommunal xidmət təşkilatında – «Azəriqaz» və «Azərsu»da belə vəziyyət mövcud deyil. Belə ki, su şəbəkəsinə qoşulmaq üçün tariflər aşağıdır, qaz şəbəkəsinə qoşulmaq isə ümumiyyətlə pulsuzdur.
Bir qədər əvvəl FED.az-a müsahibə verən Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, Kommersiya Hüquqi Şəxslərin İttifaqının sədri Ramiz İsayev bildirmişdi ki, bu xərclər elə yüksəkdir ki, hətta tikintinin maya dəyərinə və evlərin qiymətinə də təsir edir. Həmin müçahibədən bir hissəni təqdim edirik:
"- Ramiz müəllim, sahibkarlar tez-tez müxtəlif qurumlar tərəfindən verilən texniki şərtlərdən, daha dəqiqi onların rüsumunun məbləğindən şikayətlənirlər Bəs tikinti zamanı alınan texniki şərtlərdə rüsum n qədərdir va manzillərin qiymətinə bunun təsiri varmı?
- Bəli çox təsiri var, onunla bağlı da tikinti şirkətlərindən çox şikayətlər, narazılıqlar var. Əsas şikayətlər elektrik enerjisi ilə bağlıır. Su təminatı ilə bağlı rüsum azdır, qazla bağlı isə texniki şərt pulsuzdur. Amma işıqla bağlı texniki şərtdə rüsumlar çox böyükdür va o tikintinin maya dəyərinə təsiri edir.
- Orta ölçülü bir bina tikmək üçün texniki şərtə nə qədər pul xərclənir? Tutaq ki, 4-5 bloklu binaya texniki şərtin verilməsi üçün - rüsum təqriban 400-500 min manat edirmi?
- Təqribən elədir.
- Bu məbləğin qarşısında texniki şərt alarkən «Azərişıq» tikniti şirkətinə hansı dəstəyi verir? Məsələn, işıq xəttini çəkir, kabel verir ya bunun çəkilməsinə dəstək verirmi?
-Xeyr, hər şeyi özümüz alırıq, sayğacı da, kabeli də, kabelin çəkilməsini və bununla bağlı işləri də. Stansiyaya gedən xətləri və sair, yəni bütün hər şey, texniki otağa gedən bütün çəkilişlər, gazıntı-filan hər şeyi biz edirik.
- Bəs «Azərişığ»a ödənilən 400-500 min manat nəyə xərclənir?
- Bu məbləğ texniki şərtin alınması üçün rüsumdur.
- Yəni onlar gəlir ancaq kağız verir, heç nə quraşdırmırlar? Onların əməkdaşları hansısa işi görür?
- Xeyr, gəlib, təhvil alırlar, təhvil-taslim edib, möhürləyib verirlər.
- Bütün bunlar 400-500 min manata başa gəlir?
- Bəli».
İndi isə bu vəziyyət dəyişəcək. Yeniliyə hökumət bir müddətdir ki, hazırlaşır, sahibkarlardan gələn şikayətlər və biznesə yaranan süni problemlərin həlli üçün bəzi dəyişikliklər artıq qəbul edilib.
İlk növbədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xidmət sahibkarlıq obyektlərinin təbii inhisralara, yəni elektrik, su və qaz şəbəkələrinə qoşulması şərtlərini araşdırıb: «Xidmət olaraq bu sahədə icazələrin qiymətlərinin mövcud tələblərə uyğun olub-olmadığı ilə yanaşı, həm də ümumilikdə bu xidmətlərə qoşulma prosedurunun özünə də nəzarəti həyata keçiririk və biz artıq bununla bağlı 2022-ci ildə araşdırma predmetimizə bunu da daxil etmişdik»
Dövlət Xidmətini apardığı araşdırma da göstərib ki, qoşulma xərci çox yüksəkdir və onun azaldılmasına ehtiyac var:
«Bildirməliyəm ki hər üç kommunal xidmət sahəsində həm məişət istehlakçılarının, həm də sahibkarlıq subyektlərinin bu xidmətlərə çıxışının əlçatanlığının həm sadələşdirilməsi, həm icazələrin qiymətinin aşağı salınması, həm də çəkilən xərclərin azalması istiqamətində aidiyyatı qurumlarla birlikdə qanunvericiliyin həllini həyata keçiririk və artıq bu işlər yekunlaşmaq üzrədir. Beləliklə də həmin xidmətlərə çıxışn əlçatanlığının genişləndirilməsi və sadələşdirilməsi həyata keçiriləcək, həmçinin qoşulma icazələrinin alınması ilə bağlı vahid tariflərin daha aşağı qiymətlərlə həyata keçirilməsinə şərait yaranacaq».
Bununla bağlı real addımların atılmasına artıq başlanılıb - fevralın əvvəlində prezident İlham Əliyev «Elektroenergetika haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Qanunun təsdiqi barədə prezidentin fərmanına görə, Nazirlər Kabineti tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydasını dörd ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
Eyni zamanda fərmana əsasən, Tarif (qiymət) Şurası Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərini nəzərdə tutulan normativ hüquqi aktlar təsdiq edildikdən sonra bir ay müddətində müəyyən etməlidir.
Fərmandan və bununla bağlı tarif Şurasına verilən müddətdən 1 aya yaxın vaxt keçib və yaxın vaxtlarda iş adamları elektrik şəbəkəsinə daha aşağı tariflərlə qoşula biləcəklər.