Gəncə şəhərində restoranların dövriyyəsi kəskin artıb.
FED.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Gəncənin ictimai iaşə dövriyyəsinin həcmi 31,8 milyon manata çatıb.
Bu əvvəlki ilin eyni dövrünə nisbətən 5,5 milyon manat və ya 21,2 faiz artıqdır.
Məlumatdan aydın olur ki, Gəncədəki restoranların böyük hissəsi hələ də fiziki şəxslərə məxsusdur. Belə ki, dövriyyənin böyük hissəsi - 31,5 milyon manatı fiziki şəxslərin hesabına təmin olunub.
Ümumilikdə 2023-cü ilin yanvar-sentyabr aylarında Gəncədə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrünə nisbətən real ifadədə 15,3 faiz artaraq 388,2 milyon manat təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 91,4 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 23,5 faizini təşkil etmişdir.
Ödənişli xidmətlərin 13,6 faizi dövlət, 86,4 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.