"Tibbi Sığorta haqqında" Qanuna edilmiş dəyişikliklərlə bağlı ictimaiyyəti maraqlandıran məsələlərdən biri də gələn ildən işəgötürənlərin əməyin ödənişi fondundan ümumilikdə nə qədər sosial ödənişlər etməli olduqlarıdır. FED.az məlumat verir ki, bu barədə suala hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirib.
Eləcə də bax: Əmək Nazirliyi işəgötürənlərə - XƏBƏRDARLIQ EDİB
2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əməkhaqqından digər tutulmalarla yanaşı, icbari tibbi sığorta haqqı da tutulacaq. Beləliklə, 2020-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
- məcburi dövlət sosial sığorta haqqı;
- işsizlikdən sığorta haqqı;
- icbari tibbi sığorta haqqı;
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
- dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əməkhaqqının 8.000 manatdan yuxarı hissənin 0,5 faizi, 8.000 manatadək isə 2 faizii məbləğində;
- özəl sektorda çalışanların əməkhaqqı üzrə əməyin ödənişi fondundan 8.000 manatadək hissənin 1 faizi, (2021-ci ildə 2 faiz), 8.000 manatdan yuxarı hissənin 0,5 faizi məbləğində.
Göstərilənləri nəzərə alaraq, 2020-ci il üzrə işçinin əməkhaqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydası belə olacaq:
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər;
1.1) əməkhaqqı minimum aylıq əməkhaqqına bərabər - 250 manat olduqda;
a) sosial sığorta haqqı - 250 manat əməkhaqqının 200 manat hissəsinə görə 22 faizi, yəni 44 manat;
200 manatdan yuxarı hissə üçün isə 50 manatın 15 faizi, yəni 7,5 manat, ümumilikdə 44+7,5=51,5 manat;
b) işsizlikdən sığorta haqqı - 250 manat x 0,5% = 1,25 manat;
d) icbari tibbi sığorta haqqı – 250 manat x 1% = 2,5 manat;
44+7,5+1,25+2,5=55,25 manat.
Beləliklə, işəgötürənin 250 manat əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləği 55,25 manat olacaq.
1.2) əməkhaqqı 8.000 manatdan çox olanlar üçün isə hesablama bu qaydada aparılacaq:
a) sosial sığorta haqqı - 8.100 manat - 200 manat = 7.900 manat;
200 manat x 22% = 44 manat ;
7.900 manat x 15% = 1.185 manat;
b) işsizlikdən sığorta haqqı - 8.100 manat x 0,5% = 40,5 manat;
c) icbari tibbi sığorta haqqı - 8.000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0,5% = 80 + 0,5 = 80,5 manat;
44 + 1185 + 40,5 + 80,5 = 1.350 manat.
Beləliklə, 8.100 manat əməkhaqqı alan şəxsə görə işəgötürənin əməyin ödənişi fondundan tutacağı məbləğ 1.350 manat olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə görə:
2.1) əməkhaqqı 250 manat olanlar üçün:
a) sosial sığorta haqqı - 250 manat x 22%-i = 55 manat;
b) işsizlikdən sığorta haqqı - 250 manat x 0,5% = 1,25 manat;
c) icbari tibbi sığorta haqqı - 250 x 2% = 5 manat;
55+6,25= 61,25 manat.
Beləliklə, işəgötürənin işçinin əməkhaqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61,25 manat olacaq.
2.3) əməkhaqqı 8.000 manatdan çox olanlar üçün:
a) sosial sığorta haqqı - 8.100 x 22% =1 782 manat;
b) işsizlikdən sığorta haqqı – 8.100 x 0,5% = 40,5 manat;
c) icbari tibbi sığorta haqqı - 8.000 x 2% = 160 manat;
100 x 0,5%-i = 0,5 manat;
160 + 0,5= 160,5 manat;
1.782 + 40,5 + 160,5 = 1.983 manat.
Deməli, işçiyə 8.100 manat əməkhaqqı verən işəgötürən əməyin ödənişi fondundan 1.983 manat sosial ödənişlər etməli olacaq.