Banner

Biznes

"Elektron kabinetə baxmırlar, sonradan - "GÖRMƏDİM" DEYİRLƏR"

"Elektron kabinetə baxmırlar, sonradan - "GÖRMƏDİM" DEYİRLƏR" | FED.az
11:31 16 Dek 2019

Vergi ödəyiciləri vergi ödəyicisinin elektron kabinetinə malikdir. 

FED.az xəbər verir ki, Vergilər Nazirliyinin məlumatına görə, son zamanlar aparılmış müşahidələr göstərir ki, vergi ödəyiciləri elektron kabinetə gələn məktublara bəzi hallarda baxmırlar, sonradan vergi orqanının xəbərdarlığını, ya da hansısa vergi ödəməsi ilə bağlı tələblərini görmədiklərini bildirirlər.  

Eləcə də bax: Gələn ildən vergi ödəyiciləri 9 növ elektron qaimə-faktura - VERƏ BİLƏCƏKLƏR

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas elementlərindən birini vergi orqanı ilə vergi ödəyiciləri arasında birbaşa təmasın minimuma endirilməsi təşkil edir. Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradıb. Elektron xidmətlərin tətbiqi vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmasına imkan verib. Bu baxımdan, vergi ödəyiciləri üçün yaradılmış elektron kabinetdən istifadə mühüm yer tutur.

Elektron kabinet nədir?

Elektron kabinet vergi ödəyicisinin Vergilər Nazirliyinin informasiya sistemində yaradılmış fərdi elektron səhifəsidir. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədləri oxuyur. Elektron kabinet vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edir. Bu sistem vasitəsilə vergi ödəyicisinə ünvanlanmış sənədlər və məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Vergi Məcəlləsinə əsasən, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə, göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Sənədlər vergi ödəyicisi tərəfindən təqdim edildikdə isə sənədin elektron üsulla göndərildiyi gün sənədlər tərəflərə çatdırılmış sayılır.

Elektron kabinetin üstünlükləri nədir?

Vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə istənilən məkandan operativ formada sənədlərini təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə səhifəsinə daxil olaraq elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus olan sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. üstünlüklər əldə edir. Bu, həm də vətəndaşın rahatlığını təmin edir.

Elektron kabinet istifadə etmədikdə hansı risklər yaranır?

Vergi ödəyicisi elektron kabinetinə göndərilən sənədlərlə vaxtında tanış olmadığı halda vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklər, vergi orqanı tərəfindən ondan tələb olunan sənədlər, habelə bəyannamələr və ya bəyannamələrin kameral vergi yoxlamasının aparılması üçün təqdim olunmalı sənədlər və s. barədə məlumatlardan xəbərdar olmur. Vergi ödəyicisi tərəfindən məktublara operativ reaksiya verilməməsi isə gələcəkdə əlavə vergilərin hesablanması, bank hesablarına sərəncamların göndərilməsi, maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə nəticələnə bilər. Buna görə də mütəmadi olaraq vergi ödəyicilərinin elektron kabinetlərinə daxil olmuş sənədləri oxumaları tövsiyə edilir.

Digər xəbərlər

Banner