“Bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı bildirib.
“Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır. Bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsini təklif edirəm. Nəticədə hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər.
Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir”, - deyə deputat bildirib.