Dini inancların artması və turizm sektorunun inkişafı, eləcə də ölkəyə ərəb ölkələrindən qonaqların sayının artması mehmanxana biznesinə də təsirini göstərib.
Azərbaycanda halal hoteller belə olacaq - YENİ QAYDALAR
Bakıdakı çoxsaylı otellərin arasında Halal prinsipi ilə işləyənlər də fəaliyyətə başlayıblar. FED.az-ın suallarına «Home Suites - Halal otel»in idarəçisi, tanınmış otelçilik mütəxəssisi Ceyhun Aşurov cavab verir.
- Ceyhun müəllim, Bakıda halal otel indiyə qədər də olubmu?
- Bu cür konseptdə işləyən otellər var idi, adları fərqli idi. Amma pandemiyadan sonraya qalmadılar. Çünki icarədə olan bir otel üçün demək olar ki, mümkünsüz idi. Çox çətindir, gərək otelin sahibi də onun bu konseptdə işləməsinə razı olsun. Burada prioritet pul qazanmaq deyil, o konsepti - dəyərləri saxlamaqdır. Bu asan deyil, amma inandıq ki, bu seqment dünyada və Azərbaycanda da var.
Rusiyada müsəlmanlar üçün "Halal otel" açıldı
- Söhbət yalnız dindarlar üçün olan oteldən gedir?
- Halal dedikdə söhbət təkcə dini seqmentə yönəlmir, bu eyni zamanda ailələrə yönəlib. Təəssüflər olsun ki, Azərbaycanda otel anlayışı deyəndə insanlar bir az tərəddüdlə yanaşırlar. «Ailəmlə mən otelə gedərəmmi?», «Orada qalsam görəsən necə olar?» kimi sretereotiplər var. Xüsusilə də düşünürlər ki, bura kimlər gəlir. Ailə anlayışına bir az fərqli yanaşdığımız üçün özümüzü orda kənar düşüncəli şəxslərin olması ehtimallarından qoruyuruq. Bu mənada düşündük ki, bu halal konsept eyni zamanda həm halal seqmenti, həm də ailə dəyərlərini saxlayan oteldir. Bizim devizimiz də «Sizin Bakıdakı eviniz»dir. Bu devizlə fəaliyyət göstəririk. Buranın müştərisi həm xaricdən gələn halal "family" (ailə), həm də Azərbaycanın regionlarından Bakıya səfər edən, paytaxtda işləri olan, qohum və dostlarını ziyarət edən, Bakıda gecələyən seqmentdir.
- Bu otelin başqa otellərdən fərqi nədən ibarətdir? Sadəcə ailəvi gəlməkdir? Bunun halal olması onun konstruksiyasında fərq yaradır, yoxsa?
- Konstruksiyasında ciddi fərq yoxdur. Burada namaz qılmaq, ibadət etmək üçün imkanlar var. Spirtli içkilər satılmır, bu, serviz olunmur. Kənardan gətirilməsinə də icazə verilmir. Hansısa müsafir gizli şəkildə keçirəndə ona bir söz deyə bilmərik, amma ümumi olaraq müsafir oraya gələndə o ailə - ev atmosferini, o rahatlığı hiss eləyir və oradakı qonaqlar da təxmini eyni dəyərləri bölüşür. Burada bu mesaj verilir. Girişdə də halal konsept yazılıb. Onsuz da müsafir bunu oxuyanda artıq öz beynində müəyyən otel obrazı canlandırır.
- Halal oteldə qalmaq istəyənlər çoxdurmu?
- Maraqlıdır ki, bəzi müştərilər bizim əlaqəni Google-dan tapıb əmin olmaq üçün özləri zəng edirlər. Halal yazıldığına görə axtarırlar. Düzdür, hazırda azdır, amma ümid edirik ki, bu seqment bazarda oturandan sonra həm tanıtım - sosial media baxımından, həm də ağız reklamı - şifahi baxımdan öz müştərilərini artıracaq. Bakıda hər hansı işi olan ailələr rahatlıqla həmin oteldə qalıb, oradakı yeyəcək - içəcəklərdən istifadə eləyəcəklər.
- Oteldə qalmaq üçün əvvəlcədən zəng edən şəxs daha çox nəyi soruşur? Tutaq ki, dediyiniz kimi, internetdə əlaqənizi axtarıb əmin olmaq üçün zəng edirlər. Nəyə əmin olmaq istəyirlər?
- İlk sual olaraq «mən Bakıya ailəmlə gəlirəm. Orada qalsam hər hansı narahatlıq olacaqmı?» soruşurlar. Biz də heç bir problemin olmadığını deyirik. Qiymətlərimiz, otaqlarımız bəllidir. Suallar əsasən öz ailələri ilə rahat qala biləcəkləri ilə bağlı olur. Bu, həm yerli, həm də xarici bazara aiddir. Oradan gələn mesajlar da belə olur. Bəzən ailəsi ilə gələn müştərilər digər əyləncə məqsədilə gələn turistlərlə qarşılaşmaq istəmirlər. Buna görə belə istəklərini zəng vuraraq bildirirlər.
- Bəzi restoranlarda, obyektlərdə müxtəlif qadağalar olur. Sizdə də varmı? Məsələn, şortiklə otelə giriş qadağan deyil ki?
- Şortiklə otelə girmək yox, şortiklə restoranda əyləşmək (ümumi oturma yerində) adətən rahat sayılmır. Mümkün qədər bunu müsafirlərə bildirirlər. Tək bizdə yox, bəzi otel və restoranlarda bu məsələ qorunur. Çünki bəzən çimərliyə yaxın olan otellərdə, restoranlarda çimərlik paltarında restorana daxil olmaq istəyirlər. Bu da digər müştəriləri narahat edə bilər. Ümumiyyətlə belə halın kimdəsə narahatlıq yarada biləcəyinə görə bir kodeks - dress kod (bəlli geyim tərzi) müəyyən olunub.
- Bura yalnız ailəvi gəlmək olar, yoxsa tək adam da?
- Xeyr. İş məqsədilə tək adamlar da gələ bilər. Hətta maraqlıdır ki, bizdə Rusiyadan, Ukraynadan, Türkiyədən tək xanımlar bir neçə dəfə gəlib. Özlərinin təhlükəsizliyinə əmin olduqları üçün dəfələrlə gəliblər.
- Halal həm də odur ki, burada yeyəcəklər halal olmalıdır?
- Hazırda bizim restoran yalnız səhər yeməyi verir, amma gələcəkdə digər menyularımızı artırıb halallığımızı qorumağı düşünürük. Sistem sona kimi qorunacaq, təmizlik, gigiyenik normalar və s.
- Məncə, halal otellərlə digər otellər fərqli qiymətlər təklif edirlər. Çünki digər otellər spirtli içki verib ondan gəlir götürə bilirlər. Burada qiymətlər necədir?
- Biz deməzdik ki, qiymətlərimiz ciddi fərqlənir. Təbii ki, Bakının bəzi otellərində qiymətlərin 20, 25, 30 manat olması ilə rastlaşırıq. Hətta bu qiymətlərin üzərində bəzən xəngəl, enerji içkiləri və s. hədiyyə edirlər. Bizdə elə hal yoxdur. Qiymətlər təxminən 50 və ondan yuxarı olur. Qiymətlər 1 - 2 nəfərlik olmasına və otağın quruluşuna görə fərqlənir.
- 4-5 nəfərlik ailənin 2 otaqlı nömrədə qalması üçün qiymət nə qədər olur?
- 2 otaqlı nömrələrin qiyməti səhər yeməyi ilə birlikdə hazırkı qiymətlərlə təxminən 80 - 90 manata qalırlar.
- Otelinizdə neçə nömrə var?
- 27 nömrəlidir. Bayıl qəsəbəsində "DünyaGöz" klinikasının arxasında yerləşir. Bulvara da yaxın olduğuna görə müştərilər coğrafi lokasiyanı seçəndə çox bəyənirlər. Buradan piyada bəzi yerlərə də gedə bilirlər (Dəniz mall və s.).
- Otel nə qədər vaxtdır fəaliyyət göstərir?
- Artıa 6-cı aydır başlayıb. 2019-cu ildə hazırladıq, amma pandemiyaya görə çatdıra bilmədik. Gəlir olmasa belə, başlamağa qərar verdik. Bu seqmenti bazarda tanıdana qədər fəaliyyətimizi davam etdirəcəyik. Biz inanırıq ki, bunun da öz müştərisi var.