Bakı şəhərindəki bələdiyyələrdən biri maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün orijinal üsul tapıb. FED.az xəbər verir ki, Sabunçu rayon Balaxanı bələdiyyəsi bir neçə istiqamətdə biznesə başlayıb. Paytaxtın, eləcə də ölkənin digər bələdiyyələri üçün nümunə olacaq bu yeniliyin detallarını FED.az-a bələdiyyənin sədri Ramis Nəsibov açıqlayıb.
Santexnik xidmətinə başlayıb
Bələdiyyə sədrinin sözlərinə görə, qurum öz maliyyə vəziyyətini yaxşılaşdırmaq və gəlir əldə etmək üçün müxtəlif sahələrdə biznesə start verib. Onlardan biri dizayn, layihə, təmir-tikinti və xidmət sahəsidir. Bələdiyyə bununla bağlı MMC yaradıb və xidmətlərə başlayıb: «İstənilən şəxs bizə müraciət edib təmir və santexnika xidmətləri ala bilər. Yaxın vaxtlarda 7 gün 24 saatlıq xidmətə keçirik. Mənzil, yaşayış, qeyri, yaşayış sahələrinin sahibləri bizə santexnika xidmətindən tikinti xidmətinə qədər müraciət edə bilərlər». Xidmət təkcə bələdiyyə ərazisində deyil, bütün Bakı üzrə göstəriləcək. Yəni şəhərin istənilən yerindən zəng etəklə Bakıxanov bələdiyyəsindən usta çağırmaq olar: «Hətta gecə də müraciət edə bilərlər, ustalarımız var, özəl, qeyri-özəl, fərqi yoxdur»-deyə bələdiyyə sədri bildirir.
Evlərin layihələrini çəkirlər
Bələdiyyənin göstərdiyi ən maraqlı xidmət layihələndirmədir. R.Nəsibov bildirir ki, İqtisadiyyat Nazirliyindən alınan lisenziya əsasında indi bələdiyyə tikililərin layihələndirilməsi ilə də məşğul ola bilər: «Artıq lisenziyamız var, istənilən tikilini layihələndirə bilərik. İstəyənlər müraciət etsin». Bələdiyyənin lisenziyası ona həm tikintisinə icazə tələb olunan obyektləri, həm də fərdi evləri layihələndirməyə imkan verir. Bu xidmət də, təkcə bələdiyyə ərazisində yaşayanlara deyil, Bakının bütün ərazisində göstərilir. Yeri gəlmişkən, artıq Bakının bəzi digər rayonlarının bələdiyyələri də Bakıxanov bələdiyyəsinə layihə sifariş etməyə başlaıblar.
Küçələri asfaltlayır
Bakıxanov bələdiyyəsinin gösərdiyi xidmətlərdən biri də küçələrin asfaltlanmasıdır. R.Nəsibov bildirir ki, istənilən şəxs və ya sakinlər yaşadıqları ərazinin asfaltlanması üçün müraciət edə bilərlər: «Bütün Bakı ərazisində asfalt vura bilərik. Bələdiyəyə müraciət edərkən, əvvəlcə, mühəndislər gəlib hesablayırlar ki, bu neçəyə başa gələcək».
Asfalt işlərinə başlamaq üçün ilkin olaraq işlərin dəyərinin 30%-i ödənilməlidir sonra işlər başlanır: «Əgər işimiz qane edərsə qalan 70%-i işlər bitəndən sonra ödəyirlər».
Taksi xidmətinə başlayıb
Bələdiyyənin tətbiq etdiyi maraqlı yeniliklərdən biri də taksi şirkətini yaratmaq olub. Bir qədər əvvəl FED.az-ın xəbər verdiyi kimi, Vergilər Nazirliyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-ni dövlət qeydiyyatına alıb. Bələdiyyənin sədri Ramis Nəsibov FED.az-a bildirib ki, şirkətin yaradılmasında məqsəd bələdiyyənin gəlirlərini artırmaqdır: “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmişik. Məqsəd həm də Bakıxanov qəsəbəsinin sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verməkdir. İlkin olaraq qəsəbəmizdə avtomobili olanları cəlb edəcəyik. Yəni, onlar yeni taksi şirkətində işlə təmin olunacaqlar». R.Nəsibov bildirib ki, daha sonra avtomobillərin sayının artırılması və yeni xidmətlərin göstərilməsi də nəzərdə tutulur: «Qiymətlər isə bazarlakı səviyyədən daha sərfəli olmalıdır». İlkin olaraq taksi xidməti azı 50 maşınla başlanacaq.
Turizm və dəfn xidməti də göstərəcəklər
Gələcəkdə isə bələdiyyə VİP taksi maşınlarının alınmasına hazırlaşır: «VİP maşınlarımız olacaq. Onlarla turistləri aeroportdan hotellərə da daşıyacağıq». Bələdiyyə dəfn maşını da alıb müvafiq xidmətlər göstərmək niyyətindədir.
Parnik biznesi və uşaq bağçası
R.Nəsibov bildirir ki, bələdiyyənin qarşıdakı planlarında uşaq bağçasını yaradılması və əkinçiliyə başlamaq var: «Yaxın dostlarımızdan birinin 3 hektar özəl torpağı var. Kənd təsərrüfatı üçün yararlıdır.
Onunla danışıb torpaqda birgə əkin işləri aparacığıq». Özəl şəxslə birgə təsərrüfat yaratmağı planlaşdıran bələdiyyə bu işlər üçün Sahibkarlığa Yardım Fondundan güzəştli kredit almaq niyyətindədir: «Ola bilər ki, burada parnik yaradıb pomidor və digər məhsullar əkək».
Gəlirlərini 5 dəfə artırıb
Bu görülən işlər və sərt intizam bələdiyyənin gəlirlərini dəfələrlə artırıb. R.Nəsibovun sözlərinə görə, əgər iki-üç il əvvəl bələdiyyənin illik gəlirləri 15 min manat idisə, hazırda il ərzində 60-80 min manat pul yığılır. Bu yığımlar təkcə əmlak və toppaq vergisi deyil, digər obyektlərdən də daxil olur. Məsələn qanuna görə, bələdiyyə ərazisnidəki hotellər hər turistə görə 1,1 manat bələdiyyəyə ödəniş etməlidir. Bakının başqa ərazilərində bələdiyyələin bu vəsaiti necə topladığı bəlli olmasa da, Bakıxanov bələdiyyəsi bu tələbi unutmayıb.