Azərbaycanlı startapçılar tərəfindən yaradılan Soccer City Metaverse layihəsi ABŞ-da 1 milyon dollarlıq reklam yeri əldə edib.
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan azərbaycanlı: «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
Bu barədə FED.az-a startapın qurucusu, iş adamı Orxan Rzayev məlumat verib.
Söhbət ABŞ-ın böyük şəhərlərinin mərkəzi küçələrində yerləşən bilbord və monitor yerlərindən gedir. Bu imkanı Soccer City üçün Mediamark Digital Agentliyi təmin edib. Sözügedən xəbəri startapın təsisçisi Orxan Rzayev redaksiyamıza təsdiqləyib. O bildirib ki, təsisçisi olduğu Mediamark Digital Agentliyi bir neçə ay öncə ABŞ-da bilbord və monitorlarda reklam yerinin satışı xidmətini verməyə başlayıb. ABŞ-dakı partnyor şirkətlərlə əldə olunan əməkdaşlıq fonunda agentlik Soccer City layihəsi üçün 1 milyon dollarlıq reklam yeri əldə edib. Bu reklam yerləri layihənin təbliğatı və böyük auditoriyaya çatması üçün istifadə olunacaq: "Hazırda Agentlik ABŞ-da Nyu York, Mayami, Los Angeles, Las vegas, Atlanta, Boston və digər böyük şəhərlərdə küçə reklamlarının satışını həyata keçirir. Artıq Nyu Yorkda, Atlantada, Mayamidə bir neçə reklam yayımlamışıq".
Qeyd edək ki, Soccer City blokçeyn texnologiyası üzərində qurulan Metaverse futbol menecerlik oyundur. İdeya Eleven Kings komandası tərəfindən bir neçə ay öncə yaradılıb və hazırda layihənin üzərində aktiv iş gedir. Yaxın həftələrdə layihənin $SOCCR adlı kriptovalyutası qlobal birjalara çıxacaq, bir neçə ay sonra isə Soccer City layihəsinin ilk test versiyası istifadəyə veriləcək. Komanda Noyabr ayında başlayacaq Futbol üzrə Dünya Çempionatı müddəti üçün intensiv qlobal marketinq & PR fəaliyyəti hazırlayıb.