Azərbaycanda ilk KOB Klaster şirkəti olan "Frutena KOB klaster şirkəti' MMC yaradılıb.
FED.az xəbər verir ki, Qubada təbii meyvə konsentratı istehsal edəcək şirkətin yaradılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq dəstək göstərib.
Şirkətlə görüşdə vergi güzəştlərini nəzərdə tutan ilk "KOB klaster şəhadətnaməsi" təqdim olunub.
KOB klasteri - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.