Ötən günlərdə Azərbaycanda “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda tədbir keçirildi.
FED.az xəbər verir ki, tədbirdə qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələlərin vacibliyi qeyd edilərək bu sahənin insanların sağlamlığı üçün nə qədər böyük önəmə sahib olduğu diqqətə çatırıldı.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirdi ki, vahid səhiyyə sağlamlıq konsepsiyası ərsəyə gətirilməli və qida təhlükəsizliyi sahəsində davamlı və dayanıqlı tədbirləri həyata keçirilməlidir.
Azərbaycan son illərdə innovativ üsullardan istifadə edərək qida təhlükəsizliyi sahəsində yeniliklər edərək xidmət keyfiyyətini artırır. Bu sahədə özəl şirkətlər də dövlətin siyasətinə dəstək verir.
“Tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) müssəsisəsi olan Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bölgənin ən böyük qapalı anbarlarından birinə sahibdir. Qrupa daxil olan “AVT Logistics” şirkəti tərəfindən məhsulların düzgün temperatur və nisbi rütubətdə saxlanılması təmin edilərək təhlükəsiz formada mağazalara çatıdırılır”.
Bu barədə Trend-ə “AVT Logistics”in icraçı direktoru Anar Adilzadə məlumat verib.
Onun sözlərinə görə, logistika mərkəzini idarə etmək böyük məsuliyyətdir və buradakı proseslər saat kimi dəqiq işləməlidir:
“Qida təhlükəsizliyində əsas məsələ məhsulların düzgün temperatur və nisbi rütubətdə saxlanılmasıdır. Mərkəzdə məhsulların lazımi şəraitdə saxlanılması üçün xüsusi soyudulmuş korpuslar var: məsələn, meyvə və tərəvəzlər +15 dərəcə, donmuş qidalar -18 dərəcədə saxlanılır. Məhsul anbardan çıxdıqdan sonra onun marketə yüksək keyfiyyətlə çatdırılmasına ciddi nəzarət edilir. Belə ki, daşınma xüsusi soyuduculu yük maşınlarında həyata keçirilir. Həm də malların çeşidlənmə və anbarda saxlanılmasını düzgün təşkil edilir”.
İcraçı direktor qeyd edib ki, qida məhsulları ev üçün lazım olan digər mallardan, məsələn, təmizlik vasitələrindən ayrı saxlanılır:
“Biz istisnasız bütün təməl prinsiplərə ciddi yanaşır və bu sənayenin tələblərinə və təbii ki, məntiqi qaydalara əməl edirik. Saatlıq temperatur göstəriciləri ilə bağlı cavabdeh şəxslərə sistem tərəfindən bildirişlər göndərilir. Temperatur sensorları vasitəsi ilə soyuq zəncir qırılmalarının və keyfiyyət pozulmalarının qarşısı alınır. İş yerindən kənarda 7/24 istənilən anbar və nəqliyyat üzrə temperatur axışını izləmək mümkündür”.
Anar Adilzadə onu da vurğulayıb ki, şirkət məhsulun orijinal olduğuna əminlik üçün yalnız etibarlı tədarükçülərlə əməkdaşlıq edir. Məsələn, ekspeditor beynəlxalq tədarükçüdürsə, bu şəxsin rəsmi nümayəndə olması ilə bağlı istehsalçıdan təminat alınır. Ciddi şəkildə etibarlılığına əmin olunur və beləliklə, müştərilərin narahatlığına səbəb yaranmamasına nail olunur.