“Buta Armor” şirkətinin istehsalı olan zirehli gödəkçə və dəbilqələr Azərbaycan Ordusunda sınaqdan keçirilib.
FED.az xəbər verir ki, bu barədə “AzeriDefence”yə “Buta Armor” şirkətinin direktoru Ramin Əhmədov məlumat verib.
Eləcə də bax: Azərbaycan Türkiyədən yeni - HƏRBİ TEXNİKA ALIB
Orduda keçirilən sınaqlar zamanı müəyyən olunmuş məsafədən zirehli gödəkçəyə 7.62×54 mm çaplı SVD markalı snayper tüfəngindən, 7.62×39 mm çaplı AKM avtomatından, həmçinin 9×19 mm çaplı tanançadan atəş açılıb.
“Sınaqlar zamanı balistik lövhələrin və panellərin deşilməsi baş vermədi. Bütün güllələr saxlanıldı və sapma olmadı. Lövhədə şişkinlik səviyyəsi 35 millimetrdən az oldu”, – deyə R. Əhmədov qeyd edib.
Zirehli gödəkçə ilə yanaşı dəbilqə də yüksək qoruma səviyyəsini sınaqlarda təsdiqləyib. 9×19 mm çaplı tapançadan edilən atışlar zamanı dəbilqənin deşilməsi və şişkinlik baş verməyib. Sınaqların nəticələri aktlaşdırılıb.
Qeyd edək ki, “Buta Armor” 2018-ci ildə Bakıda dünyada zirehli gödəkçələrin istehsalı sahəsində tanınan Bolqarıstanın “MARS Armor” şirkətinin texnologiyası əsasında zirehli gödəkçələrin və dəbilqələrin istehsalı müəssisəsini yaradıb. Şirkətin istehsal etdiyi ziehli gödəkçələr bundan əvvəl Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən sınaqlardan keçirilib.