Azərbaycanın regionları üzrə milli valyutada cəlb olunmuş əmanətlərin həcmi açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, respublika üzrə ümumi manat əmanətlərinin portfeli 10 milyard 495,5 milyon manat təşkil edib ki, bu vəsaitin də böyük əksəriyyəti paytaxt Bakıda cəmləşib.
Bakı şəhəri 8 milyard 826,2 milyon manatlıq milli valyutada əmanət həcmi ilə digər bütün regionları böyük fərqlə geridə qoyur. Bu, ölkədəki ümumi manat əmanətlərinin təxminən 84%-i deməkdir.
Paytaxtdan sonra ikinci yerdə sənaye şəhəri olan Sumqayıt qərarlaşıb ki, burada milli valyutada olan əmanətlərin həcmi 311,6 milyon manatdır. Ölkənin ikinci böyük şəhəri olan Gəncə 202,8 milyon manatlıq göstərici ilə üçüncü, paytaxta yaxın Abşeron rayonu isə 164,9 milyon manatla dördüncü pillədədir.
Reytinqdə növbəti yerləri Xaçmaz rayonu (72,7 milyon manat), Lənkərən rayonu (67,5 milyon manat), Naxçıvan şəhəri (56,7 milyon manat) və Mingəçevir şəhəri (51,3 milyon manat) tutur. İlk onluqda həmçinin Bərdə rayonu (44,4 milyon manat) və Cəlilabad rayonu (37,7 milyon manat) da yer alıb.