Azərbaycan “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qərar Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisi - APRCE 2026 çərçivəsində FAPRA-nın nümayəndə heyətləri rəhbərlərinin toplantısında qəbul olunub.
Toplantıda TŞİİB-in İdarə Heyətinin sədri Araz İmanov Azərbaycan pərakəndə sektoru və Birliyin fəaliyyəti barədə təqdimatla çıxış edib. Təqdimatda sektorun iqtisadi və sosial rolu, dövlət-biznes dialoqu, rəqəmsal ödənişlər, logistika və təchizat zəncirləri, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında artan ticarət və logistika əhəmiyyəti diqqətə çatdırılıb.
Yaponiya, Cənubi Koreya, Sinqapur, Çin və regionun digər ölkələrinin pərakəndə qurumlarını birləşdirən FAPRA sektor üzrə əsas beynəlxalq əməkdaşlıq platformalarından biridir.
Üzvlük Azərbaycan pərakəndə sektorunun Asiya-Sakit okean regionu ilə əlaqələrində yeni mərhələ açır.


















