“Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəsmi saytında kalkulyator bölümü aktivdir. Yerinə, növünə, ölçüsünə və müddətinə görə açıq məkandakı reklamın məbləği ƏDV də daxil olmaqla dərhal hesablanır. Rüsum və yayım haqqı ödənişlərini banklar, həmçinin “ASAN ödəniş” sistemi, www.asanpay.az portalı, “e-Manat” və “MilliÖN” terminalları vasitəsilə etmək mümkündür.\
Eləcə də bax: Taksilərdə reklam yerləşdirmə üzrə startap - 30 MİLYON DOLLAR CƏLB ETDİ
FED.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri deyib.
Onun sözlərinə görə, ADRA ilə əməkdaşlığı qiymətləndirmək üçün saytda (adra.gov.az) sahibkarlar arasında anonim sorğu keçirilir. Sahibkarların müraciətini onlayn cavablandıran 1412 Çağrı Mərkəzi də yaradılıb.
Eləcə də bax: Bakıda ən təsirli reklam bu küçələrdədir - SİYAHI
Hüseyn Azəri bildirib ki, açıq məkanda reklamlara nəzarət etmək üçün yeni üsuldan istifadə olunur. Belə ki, "Street view" sistemindən istifadə etməklə "360 dərəcədə təsbit" texnologiyası tətbiq edilib: “Həmin cihaz avtomobilin üzərinə quraşdırılır, avtomobil hərəkətdə olarkən ətrafdakı açıq məkanlardakı reklamları müəyyən edir, onun ölçülərini, növünü, zonasını aydınlaşdırıb sistemə salır. Yəni bu cihaz agentliyin işini xeyli asanlaşdırır. Müfəttişlər vaxt sərf edib hər obyektə getmirlər, yalnız cihazın nöqsan müəyyən etdiyi yerlərə gedirlər. Digər bir cihazımız hündür yerlərdə olan reklam lövhələrinin ölçüsünü, növünü müəyyənləşdirir və onu sistemə daxil edir. Bu cihazlar ilk növbədə şəffaflığı təmin edir. Yəni heç kimdən heç nə tələb olunmur, müfəttiş heç obyektə də yaxınlaşmır, kənardan reklamın fotosu çəkilir və qeydiyyata salınır. ASAN xidmətlə, Vergilər Nazirliyi ilə informasiya mübadiləsi aparılır”.
“Artıq elə bir sistem yaradılıb ki, istənilən bir mağaza haqqında məlumatlar, o cümlədən onun zonası, reklam lövhəsinin ölçüsü, rüsumu, sahibinin adı, VÖEN-i, şirkətin adı və digər məlumatları ADRA görə bilir. adra.gov.az saytında sahibkarlar onları maraqlandıran istənilən suala (eləcə də qanunvericililə bağlı) cavab tapa bilirlər”, – deyə ADRA-nın mətbuat katibi qeyd edib.
Hüseyn Azəri ADRA-nın gələcəkdə elektronlaşacaq xidmətlərindən də danışıb: “Sahibkarlar üçün Şəxsi Kabinet yaradılacaq. Onlar ASAN İMZA ilə açıq məkanda reklam yerləşdirmək üçün icazə sənədini almaq və digər əməliyyatları həyata keçirə biləcəklər. Rüsum və yayım haqqı ödənişləri üçün terminalların siyahısı artırılacaq”.