Zəngin ərəb investorları üçün tikilən, nağıllar aləmi “Disneyland” – i xatırladan yüzlərlə malikanə öz yeni sakinlərinin ixtiyarına yenicə verilib - Ruhlar. Bəli, səhv eşitmədiniz, məhz ruhlar, çünki sözügedən villalar boş qalıb və təsisçiləri iflasla üzləşib.
FED.az xəbər verir ki, Türkiyənin cənubunda yerləşən Bolu vilayətinin Mudurnu rayonunda 2014 – cü ildə inşasına başlanılan “Burj Al Babas” layihəsi böyük uğursuzluğa düçar olub. Belə ki, təsisçi “Sarot Group” layihənin tamamlanması üçün lazım olan məbləği tapmağa nail ola bilməyib.
“Sarot Group” bir neçə ay əvvəl “Burj Al Babas” adlı layihənin səbəb olduğu 27 milyon dollar borca görə məhkəmə tərəfindən iflas qərarı ilə üzləşib. Sözügedən layihə 732 malikanə tərzində tikilmiş villa, üzgüçülük hovuzu, türk hamamı, sağlamlıq və gözəllik mərkəzləri, alış-veriş mərkəzi və məscidin inşasını nəzərdə tutmuşdu. Hətta Qətər, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan müştərilər 587 villadan 350 – ni alsalar belə, bu kifayət etmədi.
Hürriyet qəzeti, “Biz, Körfəz ölkələrinə satdığımız villalara görə təqribən 7.5 milyon dollar ala bilməmişik” deyən “Sarot Group” un sədri Mehmet Emin Yerdelenin sözlərini dərc edib. “Biz iflasdan qorunmaq üçün müraciət etsək də, məhkəmə iflas qərarı verdi. Odur ki, apelyasiya məhkəməsinə müraciət edəcəyik.”
Məhkəmə həmçinin qrupun bütün tikinti işlərini dərhal dayandırmasına dair də qərar verib, ancaq Yerdelen hələ də ümidlərini itirmədiklərini deyir. “Bu layihə 200 milyon dollar dəyərindədir. Borcları ödəyə bilmək üçün bizim sadəcə 100 villanı satmağa ehtiyacımız var. İnanıram ki, dörd-beş ay ərzində bu böhranın öhdəsindən gələcəyik və yaxın günlərdə layihənin açılışını həyata keçirə biləcəyik.”