Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - “Ferrum Kapital” MMC-nin 2,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: «Ferrum Kapital»ın istiqrazları satışa çıxarılır – HƏRRAC - ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu barədə BFB-dən bildirilib.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd istiqrazdan gedir.
Hərraca 6 investor 6 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,5 milyon manat təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Proses rəqabətli hərrac üsulu ilə baş tutub. Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unucapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.
Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).
Yeri gəlmişkən, “Ferrum Kapital”ın istiqrazlarının zəmanətçisi qismində onun əsas səhmdarı çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək. (Report)